Dövlət İqtisad Universitetində TEDxUNEC konfransı keçirilib.


Digərləri 15 Dek 2017 15:46:00 220 0

Dövlət İqtisad Universitetində TEDxUNEC konfransı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransın ilk spikeri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı olub. “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edən professor bəşəriyyətin gələcəyi elmdədir, deyə bildirib. Kitabla rəqabət aparan informasiya daşıyıcılarının çoxluğuna diqqət çəkən H.İsaxanlı əsas bilik ötürücülərini informasiya kommunukasiya alətləri, ailə və universitet kimi təsnifatlandırıb. O, bu vasitələrin hər üçündən maksimum yararlanmağı tövsiyə edib: “Gələcəyimiz bu gün gördüyümüz işlərin davamıdır. Yaxşı təhsil, daha yaxşı gələcək deməkdir!” TEDxUNEC konfransının ikinci spikeri Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusu ilə çıxış edib. Xalq yazıçısı auditoriya qarşısında “XXI əsrdə necə inkişaf etməli?” sualını qoyub. 20-25 ildən sonra bu günkü peşələrin 30 faizinə ehtyac olmayacağını diqqətə çatdıran Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu kitabda, elmdə, bilikdə gördüyünü bildirib. Xalqın hərtərəfli inkişafını mütaliədə görən natiq qızların təhsildən yayındırılmasına da diqqət çəkib: “Cəmiyyətin əsasını qadınlar təşkil edir. Qızları təhsildən yayındırmaq birbaşa millətə və gələcəyə zərbədir!”