Silahlılar Allahyar Məmmədovu yaralayır, evinə soxulur: "Rus torpağında yaşayırsan, haqq ver!" FOTO


Kriminal 15 Dek 2017 14:56:00 265 0

Silahlılar Allahyar Məmmədovu yaralayır, evinə soxulur: "Rus torpağında yaşayırsan, haqq ver!"  FOTO

Rusiyanın Amur vilayətində, Beloqorsk rayonunun Tomiçi kəndində azərbaycanlı Allahyar Məmmədovun evinə silahlı hücum edilib və ondan "rus torpağında yaşadığı üçün" aylıq haqq tələb olunub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat haqda "TVS-Media" yazır.

48 yaşlı Allahyar Məmmədov Qarabağdandır, 1987-ci ildə Amurda hərbi xidmət keçib. 2006-cı ildə ora qayıdaraq ticarətlə məşğul olmağı qərara alıb. Antonina adlı qadınla evlənib, qızı Nərminənin 5, oğlu Məmmədin 8 yaşı var.

Hadisə 2016-cı ilin mayında baş verib. Həmin vaxt Allahyar, onun qaynı və Qorxmaz adlı başqa azərbaycanlı həyətdə imiş. "Bir müddət sonra, təxminən saat 11 radələrində qırmızı rəngli maşında Anatoli və Pavel adlı (adlar dəyişdirilib) iki qardaş yaxınlaşdı. Maşında Anatolinin yeniyetmə oğlu və daha iki gənc də var idi. Qardaşlar maşından düşəndə gördüm ki, onlar bərk sərxoşdur. Qapıya tərəf gedib onların qarşısını kəsdim. Qardaşlardan biri əlində araq butulkası tutmuşdu. Dedi ki, kabab yeməyə gəliblər. Sonra isə dedilər ki, bəs siz qafqazlısınız, bizim torpaqda yaşayırsınız və buna görə də ayda 100 min rubl vermlisiniz", - Allahyar xatırlayır.

Bu zaman ruslarla azərbaycanlılar arasında mübahisə, itələşmə başlayır, evə basqın edən qardaşlardan biri Allahyarı hədələyir: "Sənin ailən burada olmayacaq, evini partladacam".

Çağrılmamış qonaqlar gediblər və bir az sonra həmin qırmızı avtomobildə yenidən qayıdıblar. "Sükan arxasında tanımadığım biri oturmuşdu, Anatoli yanında, Pavel arxada idi. Onların əllərində tüfəng gördüm, arvadıma qışqırdım ki, tez evdə gizlənsin. Tonya qızımı götürüb evə qaçdı. Oğlum qorxudan yerində donub qaldı. Mən onu itələdim, birlikdə yerə yıxıldıq. Bu vaxt Pavel hasarın o tərəfindən atəş açdı, güllə ayağımdan dəydi. Oğlumu yerdən qaldırdım və evin qapısına tərəf itələdim. Sonra hasar boyu bostandan keçib qaçdım, daha bir neçə güllə səsi və çiynimdə yanğı hiss etdim"-Allahyar danışır.

O, bostandan keçib qonşu həyətə daxil olur və ev sahibindən polis çağırmağı xahiş edir. Qan içində olan Allahyar qonşunun evində gizlənir, Antoninanın qardaşı isə yaxınlıqdakı ağaclığa sığınır. Antonina isə uşaqları evdə paltaryuyanın arxasında gizlədərək qapını bağlayır.

"Qorxudan əsirdim, güllə səsləri gəlirdi, uşaqlar qışqırıb ağlayırdı, isterikada idi. Məmməd əlimdən tutub dedi ki, indi dayım gəlib onların hamısını öldürəcək. Bu vaxt pəncərənin şüşəsinin sındırıldığını eşitdim, dönüb baxdım ki, Pavel pəncərədən evə girir. Onun əlində silah var idi. Silahı bizə tuşlayıb pul və ət tələb etməyə başladı. Sonra evi axtardı"-qadın bildirir.