Gənc alimlər bəyannamə qəbul etdilər


Digərləri 15 Dek 2017 14:31:00 230 0

Gənc alimlər bəyannamə qəbul etdilər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ərzində elmin inkişafı sahəsində görülən işlərdən danışıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu səsləndirilib.

Qurultayda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb: "Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi artıq 5 ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. 5 il ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadalarda iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər".

Nazir həmçinin, rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli "İdeya var!" müsabiqəsi haqqında da məlumat verib. Bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksək ixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb.