Tbilisidəki Azərbaycan teatrının çətin durumu: bina qəzalı vəziyyətdə, maaş az, aktyor çatışmır - REPORTAJ


Digərləri 15 Dek 2017 14:31:28 166 0

Tbilisidəki Azərbaycan teatrının çətin durumu: bina qəzalı vəziyyətdə, maaş az, aktyor çatışmır - REPORTAJ

Teatra yeni bina veriləcəyi və ya binanın tikintisi üçün torpaq sahəsinin ayrılacağı barədə vəd verilsə də, bunların heç biri yerinə yetirilməyib

“Bu gün Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı çox ağır vəziyyətdədir. Teatrın aktyorları çox çətin şəraitdə işləyirlər. Teatrın illik büdcəsi 140 min laridir”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında teatrın bədii rəhbəri Varlam Nikoladze bildirib.

Bədi rəhbəri deyib ki, teatrın binasının qəzalı vəziyyətdə olması yeni tamaşaların hazırlanması və premyerasında çox ciddi problemlər yaradır. Gürücstanın müvafiq qurumlarının əməkdaşlarından ibarət komissiya teatr binasının qəzalı vəziyyətdə olması və bu binada tamaşaların premyerasının keçirilməsinin təhlükəli olması barədə rəy verib. Ona görə də kollektiv hazırladığı tamaşaları başqa teatrların səhnələrində nümayiş etdirir.

Teatrın bədii rəhbəri Varlam Nikoladze

V.Nikoladzenin sözlərinə görə, hazırda teatrda cəmi 10 aktyor çalışır. Amma, əslində, teatrda ən azı 30 aktyor olmalıdır. Mədəniyyət ocaqının büdcəsi daha çox aktyor cəlb etməyə imkan vermir: “Bu gün bizim teatrın illik büdcəsi 140 min lari təşkil edir. Bu başqa teatrların bir aylıq əmək haqqı həcmindədir. Əvvəl bu rəqəm 160 min olub. Teatrın rəhbərliyi əmək haqqının artırılması ilə əlaqədar müvafiq qurumlara müraciət etdikdən sonra bildirilib ki, bütün teatrlarda əmək haqları 10 faizədək azaldılır və bundan sonra Heydər Əliyev adına Teatrın büdcəsi 140 min lariyə endirilib. Əmək haqqının azlığı səbəbindən teatrın aktyorları məcbur qalıb başqa yerlərdə də işləyirlər. Onlar öz teatrımızda tamaşaların məşqlərinə axşam gələ bilirlər”.

Bədi rəhbər vurğulayıb ki, teatrın büdcəsinin artırılması və yeni bina ilə təmin olunması üçün dəfələrlə həm Gürcüstan hökumətinə, həm də Azərbaycan tərəfinə müraciət ediblər. Hər dəfə də mədəniyyət ocağına yeni bina veriləcəyi və ya yeni binanın tikintisi üçün torpaq sahəsinin ayrılacağı barədə vədlər verilib, lakin bu günədək heç bir konkret iş görülməyib.

V.Nikoladzenin sözlərinə görə, buna baxmayaraq, teatrın kollektivi öz işlərini davam etdirir. Bu il teatrda 4 tamaşa hazırlanıb.

Tanınmış gürcü yazıçısı və dramaturqu Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa Türkiyənin Adana şəhərində nümayiş olunub. Dekabrın 24-də isə Tbilisidəki Pontomimo Teatrında fransız dramaturqu Jan Quptanın “Rovnodushniy krasavchik” adlı əsəsri əsasənda hazırlanmış tamaşanın premyerası olacaq.

Bundan başqa, teatrın kollektivi “Sehirli papaq” və italyan dramaturq Daryu Forun “Azad cütlük” əsəsri əsasında eyni adlı tamaşa hazırlayıb. 

“Bu tamaşalar yüksək bacarıq, istedad və həvəslə hazırlanıb. İnanırıq ki, tamaşaçılar bizim tamaşalarımızdan zəngin təəssüratlarla ayrılırlar” - V.Nikoladze vurğulayıb.

Bədi rəhbər onu da bildirib ki, bütün çətinliklərə baxmayaraq, gələn ilin ilk vaxtlarında daha iki tamaşa hazırlanaraq teatrsevənlərə təqdim olunacaq.