“Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi


Digərləri 15 Dek 2017 14:31:00 242 1

“Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi Milli Məclisin (MM) bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək bildirib ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur.

Qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan Ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanun layihəsində isə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan Ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir. Azərbaycan Ordusunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarının təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.

Qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.