Bir mahnının içində gizlənən dərin mənalar VİDEO


Kriminal 15 Dek 2017 13:03:00 296 0

Bir mahnının içində gizlənən dərin mənalar  VİDEO

Azərbaycan ədəbiyyatında və incəsənətində hər zaman simvolikalardan istifadə edilib. Misal üçün, Məhəmməd Füzulinin Yar və Canan dediyi Allahı simvolizə edirdi. Əğyar isə şeytanı. 

Şərq panteizmində canan deyildikdə qız deyil, canların cəmi (vəhdəti-vücud olan) Allah nəzərdə tutulurdu. 

"Canı canan diləmiş verməmək olmaz ey dil,  Nə niza eyləyəlim ol nə sənindir, nə mənim". 

- deyərkən Füzuli öz ürəyi ilə (dil ilə) söhbət edir. Deyir ki, canı canan (canların cəmi, vəhdəti-vücud və ya yaradan) geri istəyir. Etiraz edə bilmərik. Qaytarmamaq kimi bir imkanımız yoxdur. O verib, o da geri alacaq. 

Bayrağımızın simvolikası

Yuxarıda yazdıqlarımızla, aşağıda paylaşdığım videonun nə əlaqəsi var deyə soruşacaqsınız. Mövzuya elə bu qədər uzun giriş etməyimizin səbəbi də həmin əlaqədir. 

20-ci əsrdə yaşamış Azərbaycanın ən məşhur xanəndəsini bu günümüzdə də tanımayan yoxdur. Onun "Şuşanın dağları" mahnısı uzun illərdir ki, dillər əzbəridir. 

1901-ci ildə doğulan xənandənin gənclik illəri Azərbaycan xalqının müstəqillik mübarizəsi dövrünə təsadüf edirdi. Xalqımızın apardığı istiqlal savaşı, qısa müddət də olsa Rus imperiyasının caynağından xilas ola bilmək və dünyanın ən gözəl bayrağınının Azərbaycan səmasında dalğalanmasının şahidi olmuşdu. Bu dövr xanəndənin həyatında dərin izlər buraxmışdı. 

Sovet illərində bir çox Azərbaycan aydınları istiqlal həsrətini qəlblərinin dərinliklərində gizlədirdilər. Mümkün olduğu qədər bu həsrəti yaradıcılıqlarında simvolikalarla ifadə edirdilər. Xan Şuşinskinin müəllifi olduğu "Şuşanın dağları" mahnısında da bir çox simvolikalar vardır. 

Rənglərin təsviri 

Məşhur xanəndənin özünün yazdığı və musiqisini bəstələdiyi "Şuşanın dağları" mahnısında çox dərin simvolikalar sezilir. Burada əsas bayraq, vətən sevgisi və müstəqillik həsrəti duyulur. Sovet dönəmində üç rəngli Azərbaycan bayrağının qadağan edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızı simvolikalar ilə təsvir edirdi.