Akif Əlizadə: Azərbaycanda dünya elmi üçün 4 yeni genotip müəyyən edilib


Digərləri 15 Dek 2017 11:55:00 271 0

Akif Əlizadə: Azərbaycanda dünya elmi üçün 4 yeni genotip müəyyən edilib

Ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar.

Bakı. İlhamə İsabalayeva - Ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan gənc alimlərinin I qurultayında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. A.Əlizadə qurultayın Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na əsasən təşkil olunduğunu bildirib. Akademik qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. AMEA rəhbəri müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. A.Əlizadə bildirib ki, AMEA-da gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu deyən akademik prosesin hazırda da davam etdiyini vurğulayıb. A.Əlizadə AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını bildirib: “Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatı (SERN) və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edir. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq, xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyən edilib. Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa Birliyi ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin