Parisdə “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş etdirilib - FOTO


Digərləri 15 Dek 2017 04:46:20 153 0

Parisdə “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş etdirilib - FOTO

Filmin nümayişi azərbaycanlı qaçqınlara həsr edilmiş debatla müşayiət olunub

Parisin Balzak kinoteatrında fransalı kinorejissor Maksim Marduxayevin “Qarabağ, mən səni tərk etmirəm“ sənədli filmi nümayiş olunub.

“Report”un Fransa bürosu məlumat verir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşən qaçqın və məcburi köçkünlərə həsr edilmiş filmin nümayişi azərbaycanlı qaçqınlara həsr edilmiş debatla müşayiət olunub.

Tədbir “Ulduz” Assosiasiyasının və "Hilal" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Bu ekran əsəri Maksim Marduxayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr etdiyi ilk film deyil. 17 il bundan öncə Azərbaycanda olan rejissor çadır şəhərciklərində, vaqonlarda məskunlaşmış insanların vəziyyətini filmə alaraq onların acı talelərini Fransa ictimaiyyətinə çatdırıb.

Üstündən uzun illər keçdikdən sonra rejissor ikinci filmini çəkərək Azərbaycan dövlətinin bütün səylərini səfərbər etməsi sayəsində onların vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görüldüyünü, qaçqınlar üçün xüsusi imtiyazların tətbiq olunduğunu, onlar üçün evlərin tikildiyini, artıq çadır şəhərciyində və vaqonlarda yaşayan insanın qalmadığını nümayiş etdirir.

Bununla belə, filmdə şahidlik edən qaçqınlar şəraitlərinin yaxşı olmalarına baxmayaraq, öz doğma yurdlarına, Qarabağa qayıtmaq xəyalları və ümidləri ilə yaşadıqlarını bildiriblər. Çobanlıqla məşğul olan oğlan, uşaq ikən məktəbdə əlaçı olduğunu və gələcəyi ilə bağlı böyük arzular qurduğunu, lakin qaçqınlıq həyatının acısını dadaraq, xəyallarının puça çıxdığını ürək ağrısı ilə nəql edir. Filmdə ahıl yaşında olan məcburi köçkünlərimizin dədə-baba yurdlarında canlarını tapşırmaq kimi arzuları, cavanların doğmalarının qəbirlərini ziyarət etmək üçün Qarabağa qayıtmaq istədikləri səsləndirilir.