Yaşar Nurinin tələbəsi olan azərbaycanlı aktrisa illərin SİRRİni açdı: "Dedi ki, bir "kletka" araq alıb gətirim, siz də için" FOTO


Kriminal 14 Dek 2017 21:05:00 334 0

Yaşar Nurinin tələbəsi olan azərbaycanlı aktrisa illərin SİRRİni açdı: "Dedi ki, bir "kletka" araq alıb gətirim, siz də için"  FOTO

"Düşmənçilik də edəndə kişi kimi etmək lazımdır"

İrəvan teatrının aktrisası Elnarə Heydərovanın Son.az-a müsahibəsi

- Elnarə xanım, uzun müddətdir ki, bu sənətdəsiniz. Bildiyimə görə, sizinlə eyni kursda həmin ildə bir çox məşhurlar oxuyub. Həmin illəri necə xatırlayırsınız?

- 1994-cü ildə mən incəsənət gimnazsiyasını bitirib, Mədəniyyət və İncəsənət universitetinə qəbul oldum. Bizim ilk müəllimimiz böyük sənətkar Əliağa Ağayevin oğlu Vaqif Ağayev olub. Bir müddətdən sonra Vaqif müəllimin səhhətində problem oldu, ona görə də bizim kursu gözəl aktrisamız, xalq artisti Şəfiqə Məmmədovaya verdilər. O dönəmlərdə bizə bir müddət Şəfiqə xanım dərs dedi. Elə oldu ki, ayağımız düşərli oldu, Şəfiqə xanım millət vəkili seçildi. Daha sonra isə biz Faiq Zöhrabov, Azər Mirzəyev, Yaşar Nuri və s. sənətkarlardan dərs aldıq. Bəli, bizimlə birlikdə Əkbər Əlizadə, Elşən Cəbrayılov, İzzət Bağırov, Vəfa Zeynalova, Kənan Mahmudov müğənnilər Sevda Ələkbərzadə, Samira Allahverdi kimi indi çox məşhur olan insanlar oxuyub.

- Sənət müəllimləriniz çox məşhur sənətkarlar olub. Hansı sənətkardan sənətin sirrlərini daha çox öyrənə bildiniz?

- Bircə onu deyə bilərəm ki, hər müəllim bizim həyatımızda özünəməxsus iz qoyub. İstedad Allah tərəfindən insana verilir. Yaşar Nuri həmişə dərsə başlamamışdan öncə deyirdi ki, "əgər mən bilsəm ki, mənim tələbələrimin istedadı bir şüşə araqdadır, bir kletka araq alıb gətirərdim ki, için, istedadlı olun. Amma mən bilirəm ki, istedad Allah tərəfindən verilir". Müəllimlər, sadəcə olaraq, bu istedadı yönəldib, onu rəndələyirlər. Onların hər biri bizə sənətin sirrlərini ayrı-ayrılıqda öyrətdilər.

Biz 1-ci kursda oxuyanda artıq professional səhnəyə çıxırdıq, 4-cü kursun uşaqları ilə eyni səhnəni bölüşürdük. O qədər sevincli, həyəcanlı idik ki.

- Demək olar ki, sizi yalnız teatrda görmüşük. Film həyatınız bir o qədər də uğurlu alınmayıb desək, daha doğru olar..

- Bəli, demək olar ki, mən özümü sırf tetara həsr etmişəm. Filmlərdən təklif alsaydım, özümə uyğun rollara çəkilərdim. Mən "Ağ-qara payız" bədii sənədli televiziya filminə çəkilmişdim. Ondan sonra düzünü desəm, başqa filmlərdən təklif almadım. Son illərdə isə "Gecə qonağı 2" filmində çəkilmişəm. Bu rola məni dəvət etdiyi üçün Kənan Mahmudova təşəkkürümü bildirirəm. Film həyatımı teatr həyatımla müqayisə edə bilmərəm. Filmdə bir səhnəni bir neçə dubla çəkirlər, amma teatrda hisslər canlıdır. Tamaşanı bir nəfəsə oynayırsan, ikinci dəfə sənə şans verilmir.

- Bütün bunlara rəğmən bir aktrisa kimi sənət həyatınızdan razısınız?

- Əlbəttə ki, razıyam, çox şükürlər olsun. Universitetin 3-cü kursunda oxuyanda Musiqili Teatrda işə düzəldim. Universiteti bitirəndən sonra da təyinatımı elə bu teatra verdilər. Mən böyük sənətkarımız Hacıbaba Bağırovla birlikdə uzun illər səhnəni bölüşmüşəm. Bununla paralel olaraq həm də Kukla Teatrında işləyirdim. Daha sonra isə mən İrəvan teatrına gəldim və bu günə qədər də o teatrda çalışıram. Mənim üçün bu teatrda çalışmaq çox qürurvericidir. Bilirsiniz ki, bu teatr Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın teatrdır.

- Teleaparıcı Rövşanə Bektaşi bir müddət əvvəl qaçqın teatrlarını kəskin tənqid etmişdi. Sizin çalışdığınız İrəvan teatrı da qaçqın teatrıdır. Bu sözlər bir aktrisa kimi sizə necə təsir etdi?

- Televiziyada hər hansı verilişi çox asan şəkildə bağlayıb, onun yerinə asanlıqla başqa bir veriliş açmaq olar. Rövşanə xanım elə düşünüb ki, teatr da belədir. Savadı olan hər bir insan bilməlidir ki, qaçqın teatrı nə deməkdir? Bu, bir millətin tarixidir. Hər hansı bir qaçqın teatrını bağlamaq millətin tarixini silmək deməkdir. Savadı olan bir insan bunu deyə bilməzdi. Əgər deyibsə də, çox təəssüf edirəm ki, bu cür gözəl xanım efirdə belə bir ifadə işlədib. Rövşanə xanıma demək istəyirəm ki, bu teatrlarda aktyorlar çox acınacaqlı şəraitdə çalışırlar. Başqa teatrlarda olan komfort, rahatlıq bu teatrda yoxdur.