Azərbaycanda Britaniya investorları üçün yeni sahələr təklif edilir


Digərləri 14 Dek 2017 20:38:00 275 0

Azərbaycanda Britaniya investorları üçün yeni sahələr təklif edilir

Bakı Biznes Mərkəzində Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, iclasdan əvvəl Böyük Britaniyanın Ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhedin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhedin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

Komissiyanın iclasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, gənclər və idman, ekologiya sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkəmizin Britaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyini vurğulayıb. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkətin fəaliyyət göstərdiyi, ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlərin podratçı qismində iştirak etdiyi bildirilib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya yatırılıb. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib.

Ş.Mustafayev enerji, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, təhsil, maliyyə, səhiyyə, mədəniyyət sahələrində ötən müddət ərzində görülən işlərlə yanaşı, əməkdaşlıq perspektivlərini də diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əlaqələrin genişləndirilməsində maraqlıdır. Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, birgə müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yaradıla, qida sənayesi məhsulları istehsal edilə, birgə investisiya forumu keçirilə bilər. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib və ölkəmizdə dərman preparatlarının, tibbi avadanlığın birgə istehsalı sahəsində Böyük Britaniya ilə əməkdaşlıq perspektivləri genişdir.

Azərbaycanın ixrac potensialı olan məhsullarının Böyük Britaniyaya ixracı üçün geniş imkanlar var. İşgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün AZPROMO və Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında əməkdaşlıq gücləndirilə bilər.

Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir. Böyük Britaniyanın BP şirkəti neft-qaz sektorunda 7 layihədə, eləcə də Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrdə iştirak edir. Bu sahədə əməkdaşlıq təkliflərinə gəlincə nazir Şahin Mustafayev qeyd edib ki, neft-qaz sahəsində avadanlıqlar birgə istehsal oluna, alternativ enerji sahəsində əməkdaşlıq genişləndirilə, bu sahədə Britaniyanın təcrübə və texnologiyasından istifadə oluna bilər.

Ötən müddət ərzində hər iki ölkənin dövlət baytarlıq orqanları arasında informasiya mübadiləsinin, kənd təsərrüfatı məhsullarının ticarətinin aparıldığını qeyd edən nazir Şahin Mustafayev Britaniyanın aparıcı şirkətlərinin Azərbaycanda müasir ət və süd emalı müəssisələri və heyvandarlıq təsərrüfatları yarada biləcəyini, fitosanitar sertifikatlarının mübadiləsinin araşdırılmasını diqqətə çatdırıb. Britaniya Azərbaycanın nəqliyyat infrastrukturundan və tranzit imkanlarından istifadə edə bilər.