ABŞ səfiri: "Şahdəniz-2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir


Digərləri 14 Dek 2017 18:46:37 201 0

ABŞ səfiri: "Şahdəniz-2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir

"Şahdəniz-2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir.

Bakı. "Şahdəniz-2" Azərbaycanı yenidən Avropaya və dolayısilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib. R.Sekuta bildirib: "Hörmətli qonaqlar, məni bu gün buraya dəvət etdiyinizə və bu Beşinci Frankfurt Qaz Forumunda açılış nitqi ilə çıxış etməyimə fürsət yaradıldığına görə sizə öz təşəkkürümü bildirirəm. Bu gün müzakirəmizin məqsədinə uyğun olaraq enerji resurslarının davamlı olaraq münasib qiymətlərlə sığortalanması kimi qeyri-rəsmi olaraq təsvir edəcəyim enerji təhlükəsizliyi dedikdə bir ölkənin siyasi təhlükəsizliyi, iqtisadi rifahı və sabitliyi üçün əsas məsələ nəzərdə tutulur. Buna görə də, bu fikir bizim milli təhlükəsizliyimiz və onilliklər ərzində müttəfiqlərimiz və dostlarımızın milli təhlükəsizliyi haqqında amerikalıların düşüncəsində əsas amil olmuşdur". Diplomat əlavə edib ki, Yam Kippur müharibəsinə cavab olaraq 1970-ci ildə ABŞ və digər ölkələrin OAPEC boykotu ilə oyanış baş vermişdir: "Amerikalılar iqtisadiyyatımızın və rifahımızın 1973-cü ildə olduğu kimi yenidən təhlükə altında olmamasını təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu anladılar. Bu onilliyin sonlarında Şahın süqutundan sonra qiymətlərdə qəflətən baş verən artımlar bu fikri daha da qüvvətləndirdi və bizim bununla bağlı müəyyən tədbirlər görmə əzmimizi artırdı. ABŞ-ın strateji neft ehtiyatı, Beynəlxalq Enerji Agentliyinin yaradılması, ölkə daxilində müxtəlif tənzimləyici tədbirlərin həyata keçirilməsi, yeni neft mənbələrinin axtarışı və artan enerji səmərəliliyi və yeni enerji texnologiyalarına təkan verilməsi 1973 və 1979-cu illərdə qəflətən məhdudlaşdırılmış neft təchizatından irəli gələn təhlükələrin təkrarlanmasının qarşısını almaq üçün qərar verilməsi nəticəsində meydana gəldi. Bu gün biz enerji təchizatının qadağan edilə biləcəyi ilə bağlı davamlı reallığı qəbul etməliyik. Bu cür qadağalar yaxın keçmişdə Meksika Körfəzində baş verən böyük bir qasırğa kimi təbiət hadisələri nəticəsində meydana gələ bilər. Digər halda bu cür qadağalar digər bir ölkə hökumətinin siyasi məqsədlərə nail olmaq üçün neft və ya təbii qaz tədarükü və ya axınını nəzarət altına alma qərarına əsasən meydana gələ bilər. Bu təhlükələrlə bağlı məsələlərə toxunmaqdansa, bu gün enerji təhlükəsizliyini artırmaq üçün hansı ölkələrin nələr edə biləcəyini təhlil etməyə yer vermək istərdim. ABŞ-ın Azərbaycandakı səfiri olduğum müddətdə bu ölkədən nümunə kimi istifadə edəcəyəm". Səfir qeyd edib ki, Azərbaycan dünyanın ən qədim neft vilayətlərindən biridir: "Birləşmiş Ştatlarda yaşadığım zaman Drake və Pensilvaniya ştatında Titusville yaxınlığında ilk neft quyusunun qazılması haqqında məlumatlar əldə etməklə yanaşı, əslində Abşeron yarımadasında, Azərbaycanın indiki paytaxtı yaxınlığında bundan çox illər əvvəl ticarət məqsədilə neft quyularının qazıldığına dair informasiyalar əldə etmişəm. Azərbaycanlılar dünyanın ilk neft çəni, ilk neft boru kəməri, ilk dəniz qurğusu və dənizdə ilk dərin neft qurğusunun olmasını qeyd etməkdən qürur duyur. Dünya üzrə neftin qiymətində ən böyük artımlardan biri real olaraq bolşeviklərin 1920-ci ildə Azərbaycanı işğal etdiyi və fəth etdiyi zaman baş vermişdir. Bu işğal müsəlman dünyasında ilk parlament, konstitusiya demokratiyasını da süquta yetirmişdir. Bu gün Azərbaycan yenə diqqət mərkəzindədir. 1994-cü ildə Xəzərdə yeni aşkar edilmiş xam neft yataqlarının inkişaf etdirilməsinə və böyük miqdarda xam neftin Rusiya, və İranı qabaqlamaqla, Aralıq dənizinə və dünyanın qalan hissələrinə daşınması üçün bir boru kəməri çəkilməyə başlandı. Şahdəniz II qaz yatağının kəşf edilməsi və inkişafı Azərbaycanı yenidən Avropaya və dolayısı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir. 40 milyard dollardan çox büdcə və altı ölkədən keçən, dəniz səviyyəsindən 2500 metrə qədər yüksəkliyə qədər gedən 3500 kilometrlik boru kəməri ilə Cənub Qaz Dəhlizi Layihəsi, enerji təhlükəsizliyini qlobal şəkildə artırmaqla Avropada milyonlarla yeni təbii qaz mənbələri təmin edir. Bu layihə bu gün dünyada həyata keçirilən ən böyük kapital layihələrindən biridir. Bu layihə ABŞ və digər milli hökumətləri, eləcə də Avropa İttifaqını bir araya gətirir. Azərbaycanın dövlət neft şirkəti, ARDNŞ və BP layihənin hər bir hissəsində səhmdarlar kimi iştirak edirlər. BP şirkəti bir neçə digər tərəfdaşlarla sıx əməkdaşlıq etməklə layihə üzrə işlərə rəhbərlik edir". R.Sekuta deyib ki, texniki və geosiyasi problemlərə baxmayaraq, layihə müvəffəqiyyətlə davam etdirilir: "Dörd əsas komponentə nəzər saldıqda, nəhəng Şahdəniz II qaz yatağı layihəsinin 97%-i tamamlanmışdır. Bakının cənubundakı böyük Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlərin 99,8%-i başa çatdırılıb və Azərbaycan və Gürcüstan ərazisindən keçən boru kəmərinin tikintisi ilə bağlı işlərin 98% -başa çatdırılıb. Trans Anadolu boru kəmərinin və ya TANAP-ın tikintisi ilə bağlı işlərin 93%-i başa çatdırılıb və Cənub Qaz Dəhlizi layihəsinin dördüncü komponenti olan və ilk olaraq İtaliyaya 10 milyard kubmetr qaz daşınacaq Trans Adriatik Boru Kəməri TAP üzrə həyata keçirilən işlərin 57%-i başa çatdırılıb. Şirkətlərin məruzəsinə əsasən, Gürcüstanda və Türkiyədə olan müştərilərə ilk təbii qazın CQBK və TANAP vasitəsilə 2018-ci ildə, təbii qazın İtaliyaya isə 2020-ci ildə TAP vasitəsilə nəql edilməsi planlaşdırılır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təkbaşına baş verməməsi faktını vurğulayır. Bunun üçün xüsusilə özəl sektor və rəhbər orqanlar tərəfindən öhdəlik, yaradıcılıq və davamlı səylər göstərilməsi tələb olunur. Böyük miqdarda maliyyə və intellektual kapital qoyulması tələb olunur". Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə bağlı dərin dəniz, dənizdə qazma işləri, qazın yüksək təzyiq altında saxlanması və çıxarılması üçün üsulların araşdırılması və yer səthinə və bazara çıxarılması kimi bir sıra texniki çətinliklər mövcudur: "Bu asan deyil, amma şirkətin rəhbərləri və texniki mütəxəssisləri mənə dəfələrlə bəyan etmişdir ki, "Şahdəniz II" yatağından qaz çıxarmaq üçün Azərbaycanda inkişaf etdirilən texnologiya başqa yerdə, o cümlədən Meksika Körfəzində karbohidrogen əldə etmək üçün istifadə olunacaq. Lakin enerji ehtiyyatlarının kəşfi, bərpası və nəql olunmasının özəl sektor olmadan həyata keçirilə bilməyəcəyinə baxmayaraq, hökumətin oynadığı və gələcəkdə oynayacağı rolu qeyd etmək lazımdır. İlk öncə, qeyd etdiyim kimi, Azərbaycan hökuməti nüfuzlu, təcrübəli şirkətlər cəlb etmək ehtiyacı duymuş, bu şirkətlərin problemlərini dinləmiş və həmin şirkətlərin təqdim etdiyi neft və qaz yataqlarının işlənməsi və inkişaf etdirilməsi üçün lazım olan şəraiti yaratmaq üçün tədbirlər görmüşdür. Bu təcrübə mühüm bir məqamı və daha çox gözardı edildiyini müşahidə etdiyim məsələni vurğulayır. geologiya kifayət etmir. Bu reallıqlardan əlavə, qanunçuluq; sabit bazar münasibətləri və biznes mühiti, şəffaf, faktiki əsaslı, ardıcıl və proqnozlaşdırıla bilən tənzimləmə prosesləri mühüm amillərdir. Nəticədə, bu amillər şirkətin X ölkəsinə və ya Y ölkəsinə kapital qoyduğunu müəyyən edəcəkdir. Eyni zamanda xarici dövlətlərin tərəfləri bir araya yerə toplamaqda, problemləri müəyyənləşdirmək və aradan qaldırmaqda və layihənin irəliləməsinə kömək etməkdə mühüm rol oynaya biləcəyini qeyd etmək lazımdır. Xüsusi Səlahiyyətli nümayəndəni əvəz edən Sue Saarnio'nun dünən etdiyi açıqlamaları nəzərə alaraq, ABŞ hökumətinin, xüsusilə Dövlət Departamentinin beynəlxalq enerji təhlükəsizliyini inkişaf etdirmək üçün keçdiyimiz iyirmi il ərzində oynadığı rolundan bir qədər söhbət açmaq istərdim". Səfir bildirib ki, bir neçə il ərzində Dövlət Departamenti Azərbaycan və Xəzərin digər tərəfində olan geniş neft və qaz yataqlarına diqqəti cəlb etmək, həmin qaz yataqlarının inkişaf etdirilməsinə kömək etmək və onların dünya bazarlarına çıxarılmasına şərait yaratmaq üçün diqqət mərkəzində olan diplomatiya həyata keçirmişdir: "Bu səylər davam etdirilir. Katib Tillersonun fevral ayında Cənub Qaz Dəhlizi Nazirlərin Məşvərət Şurasının yığıncağına göndərdiyi ismarıcı, Prezident Trampın iyun ayında Azərabycan Respublikasının Prezidenti İlham Əliyevə hər il keçirilən Xəzər Neft və Qaz Sərgisinin açılışına dair göndərdiyi məktubu və ötən ay Tillersonun Wilson Center-da ABŞ-ın Avropaya qarşı siyasətini əks etdirən nitqini qeyd etmək istərdim. Həmçinin digər gündə Avropa Məsələləri üzrə Katib Köməkçisi Mitçel və Dövlət Katibinin Köməkçisi Makkarrik tərəfindən Senatın Xarici Məsələlər Komitəsində etdikləri beyanatlarda var. İcazəniz ilə sözü gedən beəyanatlara nəzər yetirmək istəyirəm. Prezident Tramp öz məktubunda "ABŞ və Azərbaycanın əsrin sonuncu rübündə birlikdə yaratdığı tərəfdaşlığı dəyərləndirirəm və onun davamlı inkişafını gözləyirəm", - deyə qeyd etmişdir. "ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm". Tillersonun keçən ay ətraflı şəkildə etdiyi çıxışında qeyd etdiyi kimi, "Ukraynadakı böhran enerji təchizatının siyasi silah kimi necə istifadə oluna biləcəyini aydınlaşdırdı. Avropanın enerji təhlükəsizliyinin artırılması, münasib, etibarlı, müxtəlif və təhlükəsiz enerji ehtiyatlarının təmin edilməsi milli təhlükəsizlik məqsədləri üçün əsasdır". Ancaq bu gün mənim sözlərimin böyük hissəsinin bu forumun mövzusuna əsasən neft və qazla bağlı olduğuna baxmayaraq, bir ölkəyə, regiona, qlobal enerji təhlükəsizliyinə töhfə verən digər amillərdən də söhbət açmaq lazımdır. Azərbaycan yalnız karbohidrogenlər üçün enerji təchizatı mənbəyi rolunu oynamır. O eyni zamanda Yeni bir İpək Yolu olan digər bir qlobal təşəbbüs üçün əhəmiyyətli olan, getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir". R.Sekuta xatırladıb ki, oktyabrın sonunda Azərbaycan və Türkiyə prezidentləri Gürcüstan və bir sıra Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını etdi: "Bu yeni müasir dəmiryolu xətti, Bakının cənubundakı Ələtin yeni limanı ilə birlikdə Xəzərdə, Şərqi və Cənubi Asiyanı Qərbi Avropa ilə birləşdirən yerüstü marşrutu təmin edəcəkdir. Şanxay ilə Hamburq arasındakı gəmi ilə malların 35 günə daşınması əvəzinə, bu yeni dəmir yolu və bərə yolları malların eyni məsafəni on bir-on dörd günə daşınmasına imkan yarada bilər. Bu yeni yerüstü yollar Azərbaycanda olan yeni, müasir hava yolu ilə yükdaşıma vasitələrinə əlavə olaraq, ölkənin hava məkanı vasitəsilə istifadə olunan hava dəhlizini genişləndirir". Səfir əlavə edib ki, bu inkişaf prosesləri Azərbaycanın yeni ticari nəqliyyat dəhlizi kimi əhəmiyyətini vurğulayır: "Qədim ticarət yolları kimi, bu Yeni İpək Yolu da marşrutu boyunca sahibkarlıq və əlavə dəyəri yüksək olan işləri asanlaşdırmalıdır. Lakin eyni zamanda ABŞ-ın strateji marağı var və bu strateji maraq praktiki baxımdan kök salmışdır. Azərbaycan Əfqanıstana gedən və gələn başqa bir marşrut təmin edir. Bu marşrut yalnız hərbi materialların daşınması üçün deyil, eyni zamanda fermerlər və digər Əfqanıstan vətəndaşları üçün uzun müddət ixrac etdikləri nar və qoz-fındıq kimi qanuni məhsullarını satmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı ölkələrin bir-birinə inteqrasiya etməsinə kömək edəcəkdir. Bu yol, əvvəlki digər yollar kimi, mədəniyyət, təhsil və intellektual mübadilələr, eləcə də daha çox yeniliklər üçün bir əlaqə kimi xidmət göstərə bilər. Bunun Orta Asiya və Xəzər hövzəsində yaşayan əhali ilə Avropa arasında əlaqələri gücləndirə biləcəyini düşünürəm. Vurğulamaq istədiyim son bir məqam daha mövcuddur. Enerji təhlükəsizliyi və ya yeni İpək Yolu kimi böyük layihələrdə hökumətin roluna diqqət yetirməyə çalışdıq. Lakin, Cənubi Qaz Dəhlizi və digər layihələrlə bağlı söhbətimdə vurğuladığım kimi, özəl sektor ayrılmaz bir rol oynayır. Bu özəl sektor Xəzər dənizindəki böyük Şahdəniz II qaz yatağını tapma yollarını aşkar edən və araşdıran özəl sektordur. İş adamları Avrasiyadan keçən yerüstü yollarda qiymət, səmərəlilik və ya digər kommersiya məsələlərinə dair üstün cəhətlər müşahidə etməzsə , bu yollardan istifadə olunmayacaq". Diplomat deyib ki, enerji təhlükəsizliyi, iqtisadi artım və böyük beynəlxalq infrastruktur layihələrinin tikintisi özəl sektorun cəlb olunmasına ehtiyac duyur: "Bu iştirakı təmin etmək və davam etdirmək üçün hökumətlər düzgün mühit yaratmalı və onu qoruyub-saxlamalıdır: bazar qiymətlərinin istifadə oluna bildiyi, yaradıcı fikirlərin inkişaf etməsinə imkan verildiyi və qanunların və normativ aktların ədalətli, davamlı və şəffaflıqla yaradıldığı və təkmiləşdirildiyi. Dövlət Departamentində Enerji məsələləri üzrə katibin müavini kimi fəaliyyət göstərdiyim müddətdə, ABŞ-da neft və qaz istehsalında inqilab kimi gördüyüm məqamlardan biri yuxarıdakı əsas amillərin mühüm rol oynaması olmuşdur. Geoloji struktur vacib amil idi. Qayaların quyu qazmaq üçün uyğun olmadığı yerlərdə heç kim quyu qazmaq fikrində deyildi. Lakin dəfələrlə şirkətlərin digər ərazilərdən, hətta lazımi geoloji struktura malik olan ərazilərdən çıxdığına və əvəzində Şimali Dakotada, Permain hövzəsində və ya Pensilvaniyada daha çətin sıx neft və ya şist qazı yataqlarına investisiya qoyduğuna şahid oldum. İdarəçilər və mütəxəssislər mənə yenə də eyni məqamlardan söz açdılar. Maliyyə resurslarının əldə edilməsi, lazımi işçi qüvvəsi, nəqliyyat infrastrukturu və kapitalı daxilə xaricə daşımaq imkanları onlar üçün mühüm əhəmiyyət kəsb etmişdir. Buna görə də, mübahisə zamanı məhkəmələrin fəaliyyət göstərəcəyi və ədalətli qərar verəcəyinə dair inam vardı. Davamlı olaraq vurğulanmış başqa bir amil isə normativ aktların dəyişkən olmadığı və olduqca ədalətli qaydada, gözlənilən şəkildə və şəffaf olaraq həyata keçirildiyi tənzimləyici bir mühit idi". R.Sekuta qeyd edib ki, Azərbaycan enerji şirkətləri ilə əməkdaşlıq edilməsində, müqavilələrin hazırlanmasında və məhsulların bölüşdürülməsinə dair müqavilələrin şərtlərinin Azərbaycanda tam qüvvəyə minməsində mühüm addımlar atmışdır: "Onlar, həmçinin Cənub Qaz Dəhlizindəki irəliləyişi qoruyub-saxlamaq və yaranan problemləri həll etmək üçün Birləşmiş Ştatlar, Avropa İttifaqı və milli hökumətlər ilə birlikdə çalışmışlar. Yeni İpək Yolunun inkişaf etdirilməsi kimi, layihənin uğurunu təmin etmək üçün Azərbaycan hökumətinin bu modelə riayət etməsi vacibdir. Yekunda təkrar bildirmək istəyirəm ki, enerji təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin vacib tərkib hissəsidir. Ölkələr təchizatı artırmaq, sərhədləri daxilində enerjinin ötürülməsini / mövcudluğunu yaxşılaşdırmaq və təchizatın mühafizəsi və müxtəlifliyini təşviq etmək üçün yollar axtardığı zaman bu məsələyə müraciət edə bilər. Lakin bir çox ölkələr üçün beynəlxalq bir komponent mövcud olacaq. Neft və ya qaz idxalına ehtiyac ola bilər. Ölkə daxilində, inkişaf etdirilməsi və istismara verilməsi üçün kənar ekspertiza və ya maliyyələşdirmə tələb edən əhəmiyyətli neft və ya qaz yataqları ola bilər. Digər bir ölkə neft və ya qaz tədarükünün məhdudlaşdırılmasını siyasi vasitə hesab edə bilər. Bir ölkənin neft və qazını dünya bazarlarına çıxarmaq üçün beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi zəruri ola bilər. Bütün bu səbəblərlə əlaqədar olaraq Azərbaycanda səfir kimi fəaliyyətimin əsas məqamları Cənub Qaz Dəhlizinin və neft və qazın yerin altından dünya bazarlarına çıxarılmasını təmin edən digər layihələrin müvəffəqiyyətlə tamamlanması ilə bağlı olmuşdur. Tezliklə Şahdəniz-2 qaz yatağının istifadəyə verilməsi və 2018-ci ildə ilk qazın təmin edilməsi ilə regional və qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcək mühüm bir uğur ərəfəsindəyik. Biz bu müvəffəqiyyəti qeyd edirik və gələcək illərdə bu müvəffəqiyyətə töhfə verəcək qanun, şəffaflıq, müstəqil məhkəmə hakimiyyəti kimi məsələlərlə bağlı fəaliyyətimizi daha da dərinləşdirməyə davam edəcəyik. Suallarınızı məmnuniyyətlə qarşılayır və müzakirələrimizi səbirsizliklə gözləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin