AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları


Digərləri 14 Dek 2017 17:20:00 276 0

AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları

İki mötəbər beynəlxalq media qurumunun Bakıda keçirilən forumlarının materialları toplu halında nəşr olunub.

"Media və zamanın çağırışları" - AZƏRTAC-ın geniş oxucu auditoriyasına təqdim etdiyi kitab belə adlanır. Son.az xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl - 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun - Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.

Müasir dövrümüzdə media, xüsusən xəbər agentlikləri hansı çağırışlarla üzləşirlər? Hazırda qlobal informasiya məkanında nələr baş verir, redaksiyalar və jurnalist kollektivləri öz işlərini zamanın tələbinə necə uyğunlaşdırırlar? Bu sahədə nə kimi təcrübə və yeniliklər var?

Nəfis tərtibatla nəşr olunmuş kitabda oxucular, xüsusən media mütəxəssisləri və jurnalistlər, informasiya agentliklərinin və xəbər portallarının əməkdaşları onları maraqlandıran bu və digər suallara cavab tapa bilərlər. Belə ki, dünyanın informasiya siyasətini müəyyənləşdirən tanınmış simaların, məsələn, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Saudi Press agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Düeyc Əl-İbrahim Əl-Sabah, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və başqalarının Konqresdə və Baş Assambleyadakı çıxışlarında, habelə media üzrə ekspertlərin təqdimatlarında KİV-in üzləşdiyi çağırışlar, yeni həllər, müasir informasiya texnologiyalarının tətbiqi barədə bir çox maraqlı fikirlər və diqqətçəkən məqamlar var. Təbii ki, bütün bunlar Azərbaycanın media işçiləri üçün də aktualdır və həyati əhəmiyyət daşıyır.

Konqresdə və Baş Assambleyada səslənən çıxışları və təqdimatları, rəyləri və digər informasiyaları bir yerə toplayaraq nəşr etmək ideyası təsadüfən yaranmayıb. Tərtibatçının məqsədi, ilk növbədə, hər iki qlobal miqyaslı tədbirin Azərbaycan üçün böyük əhəmiyyətini nəzərə alaraq bu hadisəni tarixləşdirməkdir.

Prezident İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ölkəmiz üçün böyük şərəf adlandırıb, bunu, eyni zamanda, müasir medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi səciyyələndirib. BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forumlara müraciətlər ünvanlaması da, tədbirlərin qlobal əhəmiyyətindən xəbər verir.

Bakı ilk dəfə belə irimiqyaslı, geniş tərkibli media forumlarına ev sahibliyi edib. AZƏRTAC həm Konqresə, həm də OANA-ya rəhbərlik etmək hüququ qazanıb. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adları dünya media tarixinə həkk olunub. İştirakçıların sayı və tərkibi haqqında statistika özü hər şeyi deyir: Bakıya 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, habelə regional media qurumlarının rəhbərləri gəlmişdi. Onların sırasında Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77, Afrikadan 16 agentliyin 25, Amerika qitəsindən 9 agentliyin 17, Avstraliyadan 3 agentliyin 4 nümayəndəsi vardı. Kitabı vərəqlədikcə aydın görmək olur ki, Azərbaycana informasiya işinin əsl biliciləri, peşəkarları toplaşmışdılar.