Zaqatala Beynəlxalq hava limanı istifadəyə verilib


Digərləri 14 Dek 2017 17:07:00 204 0

Zaqatala Beynəlxalq hava limanı istifadəyə verilib

Zaqatala Beynəlxalq hava limanı yenidənqurmadan sonra istismara verilib.

Bakı. Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib. "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib. Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilmiş, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılmış, həmçinin aerovağzal kompleksinin binası təmir edilib. Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak etmişdirlər. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enmişdir. Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilmişdir. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənmişdir. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək. Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılmışdır. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunmuşdur. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılmışdır.