Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılardan bəhs edən kitabın təqdimatı olub


Dünya 14 Dek 2017 16:36:00 299 0

Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlılardan bəhs edən kitabın təqdimatı olub

Kitabın təqdimatı Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr edilib

Tbilisidə Gürcüstanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğründa döyüşən azərbaycanlılardan bəhs edən "Vətən oğulları" kitabı çapdan çıxıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, dekabrın 14-də Suxumi Dövlət Universitetində kitabın təqdimatı olub.

Mərasimdə Azərbaycanın Gurcüstandakı səfiri Dursun Həsənov çıxış edib, bu ölkədə yaşayan soydaşlarımızın tarixən Gürcüstan dövlətinin yaranması, möhkəmlənməsi və inkişafı uğrunda gördükləri işləri, qəhrəmanlıqları faktlarla diqqətə çatdırıb. O, kitabın Abxaziya ve Tsxinvali bölgələrində Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşən soydaşlarımıza həsr olunduğunu vurğulayıb.

Ali təhsil müəssisəsinin rektoru, professor Zurab Xonelidze çıxış edib, iki ölkə arasındakı dostluq əlaqələrindən, azərbaycanlıların xidmətlərindən danışıb.

Kitabın təqdimatı Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunub.

Kitabın müəllifi David Maysuradze "Report"a açıqlamasında deyib ki, umumilikdə, Gürcüstanın suverenliyi uğrunda 600-dən çox azərbaycanlı fərqlənib: "Onların bir neçəsi Gürcüstanın ali dövlət mükafatlarına layiq görülüblər. Kitabda onlardan 10 nəfərinin qəhrəmanlığından bəhs olunur. Gurcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda mubarizə aparan, xüsusi qəhrəmanlıq göstərənlər sırasında Marneuli, Bolnisi, Qardabani, Dmanisi və digər bölgələrdən olan soydaşlarımız olublar.

Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.