BƏT Azərbaycanda sosial müdafiə siyasətinin inkişafını dəstəkləyir


Digərləri 14 Dek 2017 12:10:00 245 0

BƏT Azərbaycanda sosial müdafiə siyasətinin inkişafını dəstəkləyir

BƏT Azərbaycanda sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafını dəstəkləyir.

Bakı. BƏT Azərbaycanda sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafını dəstəkləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru xanım Olqa Kulayeva ilə görüşdə bildirilib. Görüşdə BƏT-in Baş direktorunun Ofisinin əməkdaşı Frans Oye də iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması sahəsində aparılan siyasətin BMT-nin 2030-cu ilədək dövrü əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluq təşkil etdiyini vurğulayıb: “Həmin Məqsədlərdə ifadə olunan prioritetlərin hər biri üzrə ölkəmizdə fəal və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və konkret sahələrə dair dövlət proqramları çərçivəsində də bu məqsədlərin, o cümlədən inklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu nəzərdə tutan 8-ci məqsədin reallaşmasına yönələn mühüm addımlar atılır. Gələn ilin may ayında həmin məqsədin icrası ilə bağlı ölkəmizdə beynəlxalq konfransın təşkili nəzərdə tutulub. BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılır”.