"Milan" azarkeşləri Donnarummanı ağlatdı - VİDEO


İdman 14 Dek 2017 11:56:00 282 0

"Milan" azarkeşləri Donnarummanı ağlatdı - VİDEO

"Milan"ın qapıçısı Canluici Donnarummanın növbəti dəfə klubu tərk etmək fikrinə düşməsi azarkeşləri yenidən qəzəbləndirib. Goal.az xəbər verir ki, "rossoneri" fanatları İtaliya Kubokunun 1/8 final mərhələsində "Verona" ilə oyun (3:0) zamanı gənc qolkiperə psixoloji təzyiq göstərməyə çalışıb. Tiffozi cənub tribunasında Donnarumma üçün banner açıb.

"Parazit qardaşınla müqavilə imzalamaq və bir mövsümə 6 milyon avro məvacib almaq sənə psixoloji təzyiqdir? Getmək vaxtıdır, sənə səbrimiz qalmadı" - bannerdə yazılıb. 18 yaşlı qapıçı azarkeşlərin təhqiramiz şüarlarına da dözməyib və paltardəyişmə otağında gərgin anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Komandanın kapitanı Leonardo Bonuççi onu sakitləşdirməyə cəhd edib. Bu epizodlar "Rai" kanalının canlı yayımına düşüb.

Donnarumma ötən yay da "rossoneri" ilə yollarını ayırmaq istəyirdi. Bir neçə həftə davam edən danışıqlardan sonra klub rəhbərliyi onun məvacibini artırmış və qardaşı Antonionu əvəzedici komandaya transfer etmişdi. Dekabrın 12-də isə italyan çərçivə qoruyucusunun agenti Mino Rayola onun psixoloji təzyiq keçirdiyini əsas gətirərək rəhbərlikdən 2021-cilin yayına kimi nəzərdə tutulmuş müqaviləni pozmağı xahiş etmişdi. "Milan" onu 70 milyon avrodan aşağı qiymətə satmayacağını bildirib. Gənc qolkiperlə PSG və "Real Madrid" maraqlanır.