"İfaçının başqa biznesi də olmalıdır..."


Şou-biznes 13 Dek 2017 14:47:00 374 0

"İfaçının başqa biznesi də olmalıdır..."

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Günay İbrahimli maraqlı açıqlamalar verib. Son.az xəbər verir ki, iki gündən bir mahnı çıxarıb, necə deyərlər, plan dolduranlardan fərqli olaraq, müğənni bu işdə bir qədər səriştəli davranır: "İki ay deyil mahnı və klip çıxarmışam. Mən istəyirəm ki, tamaşaçılar mahnını tam qavrasınlar, sonra yeni mahnı çıxarım. Yeni mahnı işıq üzü görən kimi köhnə mahnını qoyurlar bir kənara, yeni çıxana qulaq asırlar. Amma bu yaxınlarda iki mahnım hazır oldu. Çox gözəl mahnılardı. Biri sırf sevgi haqqındadır, o biri isə ayrılıqdan, peşmanlıqdan bəhs edir". Günay yüksək qonarar qoyması haqda danışılanlara aydınlıq gətirib: "Yox, qiyməti yüksək deməmişəm. Adi günlərdə yarım saatlıq vaxtımı bilənlər bilir ki, neçədir. Yeni il günü özəl gündür, təbii ki, qiymət də özəl olmalıdır. Çağıran çağırsın, çağırmayanın da canı sağ olsun. Hamı çalışır, pul qazanmaq istəyir. Bilirsiniz ki, qazandığımız pulun yarısını işimizə xərcləyirik. Mən neçə illərdir ki, bu sənətdəyəm. Əlbəttə ki, bu sənətdən gələn qazancımı da sevməliyəm". Müğənninin prodüserlərdən sarı yaman dili-dodağı yanıb, deyəsən. Ona görə də ifaçının indi nə köməkçisi, nə də prodüseri var: "Dostum yanımdadır. Sağ olsun. Əli-ayağı düzgün insandır. Fırıldaqçılığı yoxdur. Təmiz, safdır. Şou-biznesə heç bir aidiyyəti yoxdur. Heç kimi tanımır. Mənim, həqiqətən, yaxın dostumdur. Nə prodüser, nə də köməkçim deyil. Dostumdur mənə kömək edir. Amma prodüserim yoxdur". Qıraqdan baxanda sənətçilərin bir əli yağda, bir əli balda kimi görünsə də, Günay onların əziyyətini də gözardına vurmamağı tövsiyə etdi: "İfaçının başqa biznesi də olmalıdır ki, sənətdən gələn pulu özünə, biznesdən gələn pulu da ayırıb kənara qoymalıdır. Biz sənətçilərə çox vaxt bəxtəvərlik verirlər. Amma mən heç bir həmkarımı qınamıram. Bilirəm ki, onlar da mənim kimi əziyyət çəkir. Sürdüyü maşınlar da halalları olsun, bahalı evlər də halalları olsun. Çünki onların işi ağırdır". Yəqin, Günay bu sözləri Xəyyam Nisanovun səsləndirdiyi bax bu fikirlərə qarşılıq olar deyir: "Azərbaycanda kasıb müğənni yoxdur. Hər bir musiqiçimizin evləri, maşınları var. Yəni bu kasıb yaşayış deyil". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar