Bitkoin qlobal kriptovalyuta bazarının 58%-nə sahibdir


İqtisadiyyat 13 Dek 2017 14:33:01 274 0

Bitkoin qlobal kriptovalyuta bazarının 58%-nə sahibdir

Azərbaycanda bitkoinin "qara bazarı" formalaşır

Qlobal kriptovalyuta bazarında "Bitcoin"in liderliyi davam edir. "Report" xəbər verir ki, hazırda bitkoin kriptovalyuta bazarının məcmu kapitallaşmasının 58,3%-nə sahibdir. Bazarın ümumi kapitallaşması 487,5 mlrd. ABŞ dolları, bitcoinin - 284 mlrd. dollar təşkil edir. Ümumilikdə, hazırda dünyada rəqəmsal kriptovalyutalara aid 7 368 bazar var, bu bazarlarda isə 1 349 növ kriptovalyuta tədavül edir.

Aşağıdakı qrafikdə kapitallaşma göstəricisi üzrə aparıcı 10 kriptovalyuta əks olunub:

Lakin, qeyd etmək lazımdır ki, bitkoindən başqa digər rəqəmsal valyutaları dollar və ya manatla almaq çox çətindir. Demək olar ki, bütün kriptovalyutalar bitkoin vasitəsilə alınıb-satılır. Yəni, "Litecoin"i almaq üçün əvvəlcə "Bitcoin" alıb, sonra onu "Litecoin"ə çevirmək lazımdır. Buna görə də, yuxarıdakı qrafikdən çox rəqəmsal valyutaların "Bitcoin"lə müqayisədə gündəlik qrafiki daha önəmlidir:

İnvestorlar hər hansı rəqəmsal valyutanın bitkoinlə müqayisədə dəyər qazanması halında "Bitcoin" ekvivalentində mənfəət əldə edəcəklər. Daha sonra isə onlar bitkoini aldıqları qiymətə nəzərən dollar ekvivalentində mənfəətlərini hesablamalı olacaqlar. Yəni, onların hər hansı digər kriptovalyuta investisiyasından bitkoin qazancları ola bilər, amma bitkoin özü dollarla ucuzlaşarsa, investorlar zərər edəcək.

Qeyd edək ki, artıq Azərbaycanda "Bitcoin"in "qara bazarı" formalaşıb: geniş yayılmasa da, bitkoin almaq mümkündür. Burada bitkoin cüzdandan cüzdana atılır, daha sonra nağd şəkildə pul bitkoin sahibinə ödənilir. Bu, daha ucuz variant sayılır. Belə ki, Azərbaycandakı bank kartları ilə "Bitcoin" alındıqda 18% vergi tutulur. Lakin qiymətlər yüksəldiyindən bu bazarda bitkoin tapmaq o qədər də asan deyil.