Tələbənin təhsil müəssisəsindən xaricedilmə qaydası açıqlanıb


Siyasət 13 Dek 2017 12:18:21 297 0

Tələbənin təhsil müəssisəsindən xaricedilmə qaydası açıqlanıb

Bununla bağlı qərarı Təhsil Nazirliyinin Kollegiyası təsdiqləyib

Azərbaycanda tələbənin təhsil müəssisəsindən xaricedilmə qaydası açıqlanıb.

“Report” xəbər verir ki, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.

Tələbələr sırasından xaric edilmiş şəxsə müvafiq arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.