Kaliforniyada Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib


Siyasət 13 Dek 2017 10:27:43 216 0

Kaliforniyada Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib

Aksiyada San Dieqo şəhərinin kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açılıb

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, aksiyada San Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.

Baş Konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları könüllülərə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə N.Ağayev “Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının rəhbəri və icraçı direktoru Cim Varqas ilə görüşüb.

Görüşdə baş konsul ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. N.Ağayev vurğulayıb ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində əvəzsiz rol oynayıb. O, Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını qeyd edib.

N.Ağayev ulu öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan və inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib.

C.Varqas rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsinə həsr olunan, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq duyduğunu, bu aksiyanın San Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb.

Təşkilat rəhbəri qeyd edib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.