Özünə pərəstişdən Allaha pərəstişə doğru hərəkət


Digərləri 12 Dek 2017 21:20:00 244 0

Özünə pərəstişdən Allaha pərəstişə doğru hərəkət

Bismilləhir-Rahmənir-Rahim!

Əziz Rəsulallahın (s) mübarək Mövlud həftəsini yaşamaqdayıq. Alladan istəyimiz budur ki, bizlərə əziz Rəsulallaha (s) layiq həyat yaşamağı nəsib etsin!

Böyük İslam alimlərindən biri bizim həyatımızın və mövcudiyyətimizin həqiqi mənasını çatdırmaq istiqamətində önəmli çatdırış edir. İnsanın həyatında şüurlu və ixtiyari təkamül yolunu bir cümlədə ifadə etmək istərkən, əziz əxlaq ustadı belə bəyan edir: "Özünəpərəstişdən Allaha pərəstişə tərəf hərəkət". İnsan dünyaya gəlir, eqosentrik varlıq olaraq böyüyür, özü ilə bağlı məsələləri düşünür, özünün atası, özünün anası, özünün övladları, özünün əşyaları, özünün kiçik dünyası - hər şeyə özü baxımından baxır.   Yaşadıqca yavaş-yavaş özü və digərlərini ayırmağa başlayır. Təbii, fizioloji, psixoloji təkamülü keçdikcə bunları dərk etməsi də artır. İnsan mükəlləf olduğu, mənəvi həddi-büluğa çatdığı andan, əxlaqi, şəriət həddi-büluğa çatdığı vaxtdan artıq məsuliyyət daşımağa başlayır. İnsanın həmin məsuliyyətli mükəlləfiyyət yolunu belə adlandıra bilərik - insan özünəpərəstişdən Allaha pərəstişə keçir.   İnsanın bu dünya həyatında əsas vəzifəsi Bu dünya küfrün qaranlığı ilə bürünəndə də, iman nuru ilə əhatələnəndə də, olduğu mühit, olduğu şərait necə və nə cür olmasından asılı olmayaraq insanın bir insan olaraq Allah hüzurunda bir fərdi vəzifəsi var. O fərdi vəzifə bundan ibarətdir ki, insan özünəpərəstişdən Allaha pərəstişə yönəlsin, zülmətdən nuraniyyətə keçsin, qaranlıqdan işığa keçsin.   İnsan yaşayışını nə qədər özünəpərəstişdən Allaha pərəstişə doğru yönəldirsə, kamilliyə doğru təkamülü də bir o qədər yaxşı getmiş olur.   Allaha pərəstiş yolunun iki əsas işi Hər bir hərəkətin bir yolu var. Əxlaq ustadları izah edirlər ki, İslamda bu yol iki işdən ibarətdir: haramları tərk etmək və vacibləri həyata keçirmək. Bizdən bu dünya həyatımızda iki şey tələb olunur. Özünəpərəstişdən Allaha pərəstişə keçid yolunda insandan haramları tərk etmək və vacibatları yerinə yetirmək tələb olunur. Uca Allahın Qurani-Kərimdə çatdırdığı "doğru yol" məfhumu məhz bu yoldur. Məhz budur "siratul-mustəqim"in ümdə mənalarından biri.   Özünəpərəstişdən Allaha pərəstişə gedən yolun mənəvi azuqəsi də var. Əgər insan bu azuqəyə yiyələnsə, bu yolu getmək onun üçün asan olar, yol hamarlaşar, insanın sürəti artar. Bu yolun mənəvi azuqəsi - əxlaqi fəzilətlərdir. İnsan əxlaqi fəzilətlərə nə qədər çox malik olacaqsa, bir o qədər bu yol onun üçün hamar olacaq və bu təkamül yolunu daha sürətli keçəcək. Bizi bu yoldan çıxmağa qoymayan sükana da ehtiyacımız da var. Bu təkamül yolunda həmin sükan - təqvadır. Təqvaya sarılsaq, haramlardan uzaq olacağıq və vacibləri yerinə yetirəcəyik. Əgər biz təqvaya malik olsaq, yolda gedərkən müvazinətimizi itirməz, lazımi istiqamətdə getmiş olarıq. Bu yolu gedən insanın mənəvi mühərriki qəlbdə qərar tapmışdır.  Bu mühərrik - imandır. Bu yolu getidkcə insanın qəlbi daha çox nuraniyyət əldə edir. İnsanın qəlbi böyüyür, genişlənir, nəhayətdə insan özünəpərəstişdən Allaha pərəstişə gedib çıxır. Mahiyyətcə, insanın təqva sükanı ilə, iman mühərriki ilə çıxdığı bu yolun başlanğıcı eqosentriklikdirsə, son ünvanı - Allaha həqiqətən tapınmaq, Allaha həqiqi pərəstiş etməkdir.     Allah Təala bizi mühim alış-verişdən xəbərdar edir Allah Təala Qurani-Kərimdə bizi çox önəmli bir dünya və axirət ticarəti barədə xəbərdar edir. "Bəqərə" surəsinin 16-cı ayəsində Rəbbimiz bizi çox mühüm bir alış-verişdən agah edir. Mübarək ayədə alış-verişi düzgün aparmağın yolu, bu alış-verişdə uduzmamağın yolu barədə, hansı səbəbdən insanın bu ticarətdə uduzmaq perspektivi ilə üzləşə bilməsi təhlükəsi barədə bizlərə bilgilər verilir. Ayədə buyurulur: "Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular".   Rəbbimiz bizə bu nurani ayədə mühim bir mövzunu çatdırır ki, insan həyatında bir alış-veriş, sövdələşmə var. Hər bir alış-veriş ixtiyari bir prosesdir, biz burada məcbur olmuruq. Bu alış-veriş şüurlu, iradəvi aparılır, buna görə biz mükəlləfiyyət, cavabdehlik daşıyırıq. Ayədən başa düşülür ki, insanlar bu alış-verişdə seçim qarşısındadır, verilən və alınan var. Allah Təala bizi xəbərdar edir ki, bəzi insanlar var ki, onlar hidayət potensialını əldən verərək yerinə azğınlıq, zəlalət əldə ediblər. Rəbbimiz bizləri xəbərdar edir ki, bu cür şəxslər həmin alış-verişdən heç bir fayda götürmədilər və öz hədəflərinə, qazanclarına çatmadılar.   Hidayət potensialını əldən verənlər azğınlığa düçar olur Belə başa düşülür ki, hər birimizin dünya həyatında bir iradəvi alış-veriş, sövdələşmə prosesi yaşanmaqdadır. Biz bu prosesdə nələrisə veririk və nələrisə alırıq və bu, bir iradəvi, ixtiyari prosesdir. Hər bir insanın hidayət potensialı var və əgər biz azğınlığı, zəlaləti seçiriksə, bizlər hidayət potensialını əldən vermiş oluruq, nəticədə zəlaləti, azğınlığı əldə edirik. Əldə etdiyimiz zəlalət, azğınlıq hidayət potensialımızın əlimizdən çıxmağı müqabilindədir. Əgər hər hansı bir kəs bu vəziyyətdə olsa, böyük fəlakətlə üzləşmiş olar.   Ayədən başa düşülür ki, hidayət sərmayəsi hər bir insanın öz ixtiyarındadır. Hər birimiz potensial hidayətə malikik və ixtiyarımızda olmasına rəğmən, bütün şəraitlərin, fürsətlərin hidayət potensialımızın realizə olunmasına, əməli hala keçməsi üçün mümkünlüyünə malik olmasına rəğmən, biz onu əldən verə bilərik. Bunu əldən verəndən sonra bizlər azğınlığa və zəlalətə düçar oluruq. Bu alış-verişdə hər kim hidayət potensialını versə və azğınlıq əldə etsə, təbii ki, heç bir qazanc əldə etmir.   İnsanlar niyə hidayət potensialını əldən verir? Bu, nəyə görə baş verir? Necə olur ki, insanlardan bəziləri hidayət potensialını əldən verirlər və yerinə azğınlıq, zəlalət əldə edirlər? Təfsiri bəhslər bizə anladır ki, bunun bünövrəsi ona qayıdır ki, insan düzgün sövdələşmə etmək üçün gərək xeyir və zərərlərini tanısın. İnsanın xeyir və zərərlərə bəsirəti olmayanda onun üçün ən xeyirli olan hidayət potensialını əldən verə bilər və onun üçün ən zərərli və ən məhvedici olan zəlalət və azğınlığı əldə etmiş olar. İnsanın tanıması, bəsirəti, anlaması olmasa, onun üçün nəyin xeyirli və nəyin zərərli olduğunu anlamaz. Deməli, düzgün alış-veriş üçün bizim agahlığımız olmalıdır.   Biz bilməliyik ki, ən böyük xeyir - hidayət potensialımızı əməli hala gətirməkdir. Bilməliyik ki, ən böyük zərər - zəlalət və azğınlığa gəlib çıxmaqdır. Zahirdə İslamı yaşatmaq öz-özlüyündə bizi hər hansı nəticəyə gətirib çıxarmır. Ayənin nazil olma şəni münafiqlərlə bağlıdır. Münafiqlərin hər mənada hidayət potensialları var idi, amma həmin potensialı əldən verdilər və zəlalətə çatdılar. Zahirən İslamda olmaları heç bir formada onlar üçün fayda vermədi. Nə çox nümunələr ki, insanlar hətta İslami mühitdə dünyaya gəlirlər, İslami kimliklə tanış olmaq üçün tam imkan və fürsətlərə malik olurlar, amma bu potensialı əldən verirlər və zəlaləti əldə edirlər.   Hidayət potensialına yiyələnməklə əslində insan təkamül yolunu keçə, özünəpərəstişdən Allaha pərəstişə yönələ bilər. Bu, heç də mücərrəd mövzularda xülasələnməyib. Ən kiçik hesab etdiyimiz mövzulara, məişət, ailə mövzularına da diqqət edəndə görürük ki, bizlərin düzəlməsi üçün, təkamül yolunu düzgün getməyimiz üçün nə qədər önəmə malikdir.       Ailədə kiçik mövzuların böyük mənəvi təkamülə yol açması Böyük əlxaq ustadlarında, alimlərindən biri Ayətullah Pəhləvani (r.ə) ailə ilə bağlı xüsusi tövsiyə edir. Ayətullah Pəhləvani (r.ə) həyat yoldaşına ehtiram haqqında buyurardı ki, "Yoldaşlarınıza təşəkkür edin, hətta bişirdikləri yemək şor çıxanda da, dadsız olanda da təşəkkür edin. O vaxt ki, siz onun bişirdiyi yeməklərdən razılıq edirsiniz, o, xoşhal olur. Onun həmin bu xoşhal olması, sizdən razı olması mənəvi təkamülünüzə ciddi şəkildə təsir edir". Deməli, zahirən bir o qədər önəmli görsənməyən, diqqət etmədiyimiz məsələlər bizim mənəvi təkamülümüz üçün ciddi əsas yarada bilər.   Həmin böyük alim öz buyuruşlarında çatdırır ki, bir dəfə cavanlıq vaxtında ailədə qabalıq edib, sonra məna aləmində ona çatdırılıb ki, onun iyirmi illik gizli ibadətləri təsirsiz qalıb. Ailədə bir kobudluq, ehtiramsılıq etməsi, qabalığa yol verməsi böyük alimin Allaha iyirmi illik münacatını, nalələrini təsirsiz qoyub. Biz bilməliyik ki, bizim davranışlarımız, rəftarlarımız təsirsiz qalmır. Allah hüzurunda etdiyimiz bütün əməl və rəftarlarımızın mənəvi yerimizə, tutumumuza, hidayət potensialımızın realizəsinə və ya əksinə - zəlalətə doğru yaxınlaşmağımıza təsiri var. Necə ki, ailədə bir xoş söz bizim mənəvi təkamülümüzü sürətləndirir, eləcə də, etdiyimiz bir qabalıq, kobudluq çətinliklə getdiyimiz bu təkamül yolundan bizi geri salmış olur.   Alim tövsiyə edir ki, özünüz üçün mənəvi mövzuda müəyyən etdiyiniz təzkiyəni, mənəvi standartları yalnız özünüz üçün tətbiq edin, ailənizi bu mövzularda məcburiyyətə salmayın. Haramlardan uzaq durmaq və vacibatları yerinə yetirmək mövzularında məsələ aydındır. Amma, insan özü üçün nəfsi təzkiyə proqramı qurur, müstəhəb əməllər icra edirsə, bunu yalnız özünə tətbiq etməlidir. Ailəni müstəhəb əməllərə təşviq edə bilər, amma məcbur etməməlidir. Dinimiz insanın mənəvi təkamül yolunda bu kimi məsələlərə önəm verməsini, onları kiçik saymamasını, diqqətlə yanaşmasını tövsiyə edir. Bizim hidayət potensialı adında bir sərmayəmiz var. Əgər bu sərmayəmizi düzgün xərcləsək, özünəpərəstişdən Allaha pərəstişə yönələcəyik. Əgər yalnış xərcləsək - uduzmuş, itirmiş şəxslərdən olacağıq.   Allahım, aqibətlərimizi xeyirli et! Allahım, bizə özünəpərəstişdən Sənə pərəstişə yönəlməni nəsib et! Allahım, bizləri zəlalətə, azğınlığa düçar olmuş şəxslərdən qərar vermə! Amin!   Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof