Qüds əqrəblərlə dolu qızıl çanaqdır?
Dünya 12 Dek 2017 21:29:00 237 0
"Economist" müsəlmanların Qüds dedikləri Yerusəlim barədə daha bir məqaləsində bu şəhəri, həm ilahi, həm dünyəvi, həm müqəddəs, həm də günahkar şəhər adlandırır.
Bu şəhər barədə Təlmudda belə deyilib: "Allah dünyanın on gözəlliyindən doqquzunu Yerusəlimə, qalanını dünyaya verib". "Amma bəzən adama belə gəlir ki, "Economist" yazır, Allah on iztirabdan doqquzunu Yerusəlimə, qalanını dünyanın qalan yerlərinə verib". Orta əsrlərin ərəb tarixçisi əl-Müqəddəsi bu müqəddəs şəhəri "əqrəblərlə dolu qızıl çanağa" bənzədir.
Trump bu şəhəri İsrailıin paytaxtı elan etməklə yalnız reallıqdan çıxış etdiyini, İsrail demokratiyasını şərəfləndirdiyini deyir, amma əslində onun bu addımı əqrəbin sancmasına bənzəyir.
İsrail paytaxtının bütün dünya tərəfindən tanınmaması ilə unikal bir ölkədir. Heç bir ölkə Yerusəlimdə səfirlik saxlamır. Bu qəribəlik tarixin məhsuludur. 1947-ci ildə BMT Britaniyanın mandatı altında olan Fələstinin bölünməsinə səs verəndə, elan etmişdi ki, bu şəhər nə ərəblərə, nə də yəhudilərə verilməyəcək və onun xüsusi statusu olacaq.
Lakin daha sonra İsraillə İordaniya arasında baş vermiş müharibədə şəhər ikiyə bölünmüşdü. Nəhayət 1967-ci il müharibəsində İsrail İordaniyanın əlində olan hissəsini də işğal etmişdi.
İsrail bu şəhərdəki ərəblərə xüsusi status versə də, hər şeyi edirdi ki, Qüds yəhudilərin "əbədi və parçalanmaz paytaxtına" çevrilsin.
1993-cü ilin Oslo sülh sazişində isə şəhərin gələcək taleyinin "yekun sülh razılaşmasında" həllini tapacağı bildirilirdi.
İndiyədək ABŞ Konqresi hər dəfə səfirliyin Yerusəlimə köçürülməsini tələb edər, prezidentliyə namizədlər isə bunu vəd etsələr də, Ağ Evə gələn kimi məsələni təxirə salardılar. Lakin Ağ Evə "yeni düşüncə tərzi" gətirdiyini iddia edən Trump Qüdsü İsrailin paytaxtı kimi tanımaqla İsrail və fələstinlilər arasında sülhə töhfə verdiyini deyib. Halbuki Trump əvəzində heç bir güzəşt istəmədən şəhəri İsrailə hədiyyə edib. O bu addımı atarkən gələcək Fələstin dövlətinin heç adını da çəkməyib.
"Economist" yazır ki, cənab Trump ehtimalən ərəblərin başlarının daha böyük böhranlara qarışdığını, Fələstin hayında olmadıqlarını düşünüb.