Deputat: Bugünkü qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir


Siyasət 12 Dek 2017 20:52:00 277 0

Deputat: Bugünkü qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir

Bugünkü müstəqil, qüdrətli və inkişaf edən Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin bəhrəsidir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, məhz ulu öndər Heydər Əliyevin ideyaları, yeni neft strategiyası sayəsində Azərbaycan müstəqilliyini möhkəmləndirə və iqtisadi inkişafını təmin edə bildi.

Deputat vurğulayıb ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, ölkəmiz böyük təhlükələr qarşısında idi: "Uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində çox böyük çətinliklərlə, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki hakimiyyətin siyasi səriştəsizliyi, Ermənistanın ölkəmizə qarşı təcavüzü bizi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuş, hətta dövlətimizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı".

C.Osmanov vurğulayıb ki, həmin çətin dövrdə xalq çıxış yolunu yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü: "Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Məhz ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda sabitləşmə dövrü başladı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı".

Deputat əlavə edib ki, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytardı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu: "Azərbaycan bugünkü inkişafa məhz ulu öndərin ideyaları və düşünülmüş siyasəti nəticəsində nail olub. Ulu öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inamla inkişaf edir və beynəlxalq aləmdə nüfuzu daha da artır".