Kukla Teatrında “Qış nağılı” tamaşasının premyerası keçiriləcək


Digərləri 12 Dek 2017 17:34:27 172 0

Kukla Teatrında “Qış nağılı” tamaşasının premyerası keçiriləcək

Tamaşaya biletlərin qiyməti 3 manatdır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə “Qış nağılı” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. 

Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakatlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir. Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir. 

Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər. 

Dekabrın 27-də premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12, 14, 16:00) Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək.Tamaşaya biletlərin qiyməti 3 manatdır və dekabrın 15-dən etibarən teatrın kassasından əldə oluna bilər.