Aydın Mirzəzadə: Bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsini öyrənməyə çalışırlar


Digərləri 12 Dek 2017 15:06:43 198 0

Aydın Mirzəzadə: Bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsini öyrənməyə çalışırlar

Aydın Mirzəzadə: Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açdı

Bakı. Elçin Mehdiyev - Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açdı, Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğuna başlanıldı. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, ümummilli liderin qayıdışından sonra Azərbaycanda bazar münasibətlərinin hökmran olduğu yeni iqtisadiyyat formalaşdı, insan hüquq və azadlıqları cəmiyyətin aparıcı mövzusu oldu, Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa başladı. A.Mirzəzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətdə olduğu 10 il güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu bir dövr oldu: “Məhz həmin bünövrənin nəticəsidir ki, 2003-cü ildə hakimiyyətə gələn cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırdı. Azərbaycan bu gün dünyanın nüfuzlu ölkələrindən biridir, Azərbaycan iqtisadiyyatını modernləşdirən, vətəndaşlarının sosial problemlərinin həllini daim diqqətdə saxlayan bir ölkədir". Millət vəkili vurğulayıb ki, Heydər Əliyev fenomeni bu gün hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir: "Ulu öndərin fəaliyyəti regionda sabitlik yaratmaqla yanaşı, dünyaya gənc bir dövlətin öz gücünə arxalanaraq, qüdrətli bir dövlət qurmaq təcrübəsini verdi. Heç də təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsinə, onun siyasi fəlsəfəsinə çox böyük diqqətlə yanaşırlar, onu öyrənməyə çalışırlar”. A.Mirzəzadə bildirib ki, Heydər Əliyev ötən əsrdə sovet Azərbaycanına rəhbərlik edərkən geridə qalmış bir regionu SSRİ-nin inkişaf etmiş bir regionuna çevirə bildi: “1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə tikildi, 13 minə qədər azərbaycanlı gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil aldı, Azərbaycanda 5 yeni universitet açıldı, mənzil fondu iki dəfə artdı, Azərbaycan mədəniyyəti və incəsənəti SSRİ və dünya səviyyəsində tanınmağa başlandı, Azərbaycanda sosial problemlərin həlli, insan faktoru Heydər Əliyevin diqqətində oldu”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin