Azərbaycanda pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur


Digərləri 12 Dek 2017 10:15:00 163 0

Azərbaycanda pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur

Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur.

Bakı. Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur. Adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Pensiya xərclərinin ümumi daxil məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Şöbə müdiri vurğulayıb ki, pensiya təminatı kimi çoxşaxəli sosial-iqtisadi və demoqrafik amillər sisteminn təsirlərinə məruz qalan bir sahəyə dair əsaslı qiymətləndirmə aparmadan, demoqrafik xüsusiyyətlər, əhalinin yaş tərkibi və pensiya xərclərinin əsaslı hissəsinin benefisiarı olan yaşlı əhalinin xüsusi çəkisi, bütövlükdə demoqrafik proseslər və qlobal miqyasda əhalinin yaşlanması meyilləri, bütün bunların milli iqtisadiyyatın müxtəlif sektorları ilə qarşılıqlı təsirləri nəzərə alınmadan, Azərbaycanın müxtəlif ölkələrlə “müqayisəli təhlil” cəhdləri baxılan məsələnin mürəkkəb və dərin mahiyyətinə tam varılmadığını göstərir. Bu amillərin vacib rolu barədə çox kiçik bir araşdırma aparmaqla, bəzi məlumatlarda istinad edilən adambaşına pensiya xərci kimi bir göstəricinin müqayisə üçün uyğun olmadığını anlamaq mümkündür: “Təkcə onu demək yetərlildir ki, BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur. Digər tərəfdən, sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun göstərici olduğunu ortaya qoyur. Çünki bu meyar ölkələr arasında müqayisəli təhlilin nəticələrində demoqrafik xüsusiyyətlərin uzlaşmamasından doğa biləcək fərqləri aradan qaldıraraq, tutuşdurulan göstəriciləri ahəngləşdirməklə daha dolğun və obyektiv müqayisəni təmin edir”.