"Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirildi


Digərləri 11 Dek 2017 19:36:00 254 0

"Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirilib.

Bilik Fondundan Son.az-a verilən məlumata görə, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.

Muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna Naxçıvanda Ali Məclisin sədri olduğu zamandan başladığını xatırladan natiq bütün çətinliklərə baxmayaraq, müsair tələblərə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail olunduğunu vurğulayıb. R.Tahirov qeyd edib ki, 1994-cü il, mayın 12-də atəşkəsin imzalanması ordudakı islahatların daha da sürətlənməsinə təkan verdi. Bununla ordu sıralarına peşəkar hərbiçilər cəlb edildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi, ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Nəticədə yenilməz gücə malik Azərbaycan Ordusu tamamilə yaradılmış oldu.