Salyandakı amansız qətlin sirri FOTO


Digərləri 11 Dek 2017 17:00:00 349 0

Salyandakı amansız qətlin sirri  FOTO

Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.

Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs-qətimkan tədbiri seçilib.

Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə predmetinə çevrilib. Ortaya hamının cavabını maraqla gözlədiyi ciddi suallar çıxır:

Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət 3 il ərzində necə gizlədilib?

Son.az-ın məlumatına görə, azvision.az-ın əməkdaşı bu suallara cavab tapmaq, qətlin gerçək səbəbini araşdırmaq üçün Salyana yollanıb. Sayt əməkdaşı Mehparə Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub. Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün səbəblərindən danışıblar.

- Fərhad Əliyevlə Mehparə xanım sevərək evləniblər?

Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu bilirdik. Buna görə onların evlərinə getmirdik.

- Fərhadın içki aludəçisi olduğu deyilir. O işləmirdi? Evi kim dolandırırdı bəs?

- Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də deyildi.

Qızlardan biri deyib ki, "ata, bizə yemək al, acıq". Fərhad cavab verib ki, "siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın". Bu sözləri ata öz doğma qızlarına deyib.

Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5 manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.

Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək etməyə çalışırdıq.

- Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə idi?

M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez döyürmüş:

- Mehparə ailə sirrini heç kimə verməzdi. Amma ərinin qohumları bizə deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi, Mehparəyə deyirdi, get, işlə, araq al. Fərhad bir dəfə qızını elə döymüşdü ki, qızın başı ağır zədə almışdı.

- Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar idi?

- O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak adam olub ki, doğma qızlarının boğazını kəsib. Oğlu Fəqan da atasına kömək edib. Onlar Mehparə və qızlarını bir yerdə öldürüblər.

- Sizcə, belə dəhşətli qətlə nə səbəb ola bilər?

- Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.

Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə məcbur edirdi.

Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub, qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz döndərmişdilər, kömək etmirdilər.

- Mehparənin qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə, dəhşət idi. Bütün meyitlər çürümüşdü, Sevdanın bədəni sanki çürüməmişdi...

- Sizcə, 3 il ərzində cinayətin üstün niyə açılmayıb?

- Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə, Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ evində qaldıqlarını deyirdi.

Mehparə Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki, "Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək". Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.

Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb. Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq, yemək alıb. Rayona gələndə isə arvad-uşağının Bakıda olduğunu deyib.

- Beş nəfəri eyni vaxtda öldürmək fiziki cəhətdən asan deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə bilər?

- Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərinə evdəki adyalı qoyub, sonra torpaq töküb.

Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü eşidən kimi Mehparənin qardaşına zəng etdim. Dedim, bizə gəlin. Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub, televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan Salyana gəlmədi.

Mehparənin qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!