Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Sosial 11 Dek 2017 16:23:51 302 0

Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

O, 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bolis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.