Kənd Təsərrüfatı Nazirliyi Bakıda Donor Əlaqələndirmə Görüşü keçirib


İqtisadiyyat 11 Dek 2017 15:30:48 344 0

Kənd Təsərrüfatı Nazirliyi Bakıda Donor Əlaqələndirmə Görüşü keçirib

Budəfəki görüşdə 20-dək beynəlxalq təşkilat və inkişaf agentliklərinin nümayəndələri iştirak ediblər

 Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi V Donor Əlaqələndirmə Görüşü keçirib. "Report" xəbər verir ki, görüşdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsində Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə uyğun həyata keçirilən tədbirlərə diqqət yetirilib, ötən müddət ərzində beynəlxalq təşkilatlarla birgə icra edilmiş və icrası davam edən layihələr çərçivəsində sözügedən tədbirlərin icrasına dəstək və növbəti əməkdaşlıq imkanları və istiqamətləri müzakirə edilib.

Müzakirələrdə xüsusilə Strateji Yol Xəritəsinin “Maliyyəyə çıxışın asanlaşdırılması” strateji hədəfi üzrə məqsədlərə nail olunması üçün birgə atılacaq addımlar barədə təkliflər müəyyənləşib.

Donor Əlaqələndirmə Görüşü Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunub.

Budəfəki görüşdə 20-dək beynəlxalq təşkilat və inkişaf agentlikləri, o cümlədən, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İslam İnkişaf Bankı (IDB), Asiya İnkişaf Bankı (ADB), BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin İnkişaf Proqramı (UNDP) , Avropa İttifaqı (Aİ), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) və s. qurumların nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib ki, Strateji Yol Xəritəsinin əsas məqsədi ərzaq təhlükəsizliyini artırmaqdır. Nazir müavini bildirib ki, ərzaqlıq buğda idxalı getdikcə azalır, kənd təsərrüfatı məhsullarının ixracının artım tempi isə 40-60%-ə çatıb.