Böyük Britaniyanın Lordlar Palatasında İngiltərəAzərbaycan Cəmiyyətinin ənənəvi Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin 20 illik yubileyi qeyd edilib FOTO


Siyasət 11 Dek 2017 11:28:07 236 0

Böyük Britaniyanın Lordlar Palatasında İngiltərəAzərbaycan Cəmiyyətinin ənənəvi Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin 20 illik yubileyi qeyd edilib  FOTO

Dekabrın 8-də Böyük Britaniya Lordlar Palatasının məşhur "The Peers" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin (www.anglo-azerbaijani-society.com) ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin Cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lord German Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə minnətdarlığını bildirib. Qonaqları salamalayan britaniyalı həmsədr İngiltərə-Azərbaycan Cəmiyyətinin bu yubiley tədbirində iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və qeyd edib ki, İngiltərə-Azərbaycan Cəmiyyəti artıq 20 ildir mədəni-maarifçi, humanitar, xeyriyyə kimi sahələrdə uğurla fəaliyyət göstərir.

20 il ərzində Cəmiyyətin bütün üzvləri ilə birgə çalışan insanlara minnətdarlığını bildirən Lord German qeyd etdi ki, 20 illik dövr uzun və şərəfli bir yol olmuşdur. Britaniyalı həmsədrin sözlərinə görə, Cəmiyyət bu illər ərzində yeni münasibətlər qurub, yeni dostlar qazanıb və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcək. Lord German Cəmiyyətin ötən dövr ərzində Azərbaycanla Böyük Britaniya arasında körpü rolunu oynadığını qeyd edərək deyib: "Mən həmişə Azərbaycanı Şərq ilə Qərbin, Şimal ilə Cənubun ayrıcında olan ölkə kimi çox yüksək dəyərləndirirəm. İpək yolu məhz bu ölkədən keçir və Azərbaycan hər zaman dünyanın müxtəlif ölkələrindən olan insanları qonaqpərvərliyi, tolerantlığı və zəngin mədəniyyəti ilə özünə cəlb edir. Məhz bu xüsusiyyətlər Azərbaycan xalqında dünya mədəni irsini daha yaxından öyrənməyi və digər mədəniyyətlərə hörmətlə yanaşmağı formalaşdırıb. Təbii ki, bizim bütün uğurlarmız sizlərin və bizə dəstək olan insanların köməyi olmadan mümükünsüz olardı. Mən bizim Cəmiyyətimizin idarə heyyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar uzun illərdir ki, Cəmiyyətimizin inkişafına səy göstəriblər".

Daha sonra çıxış üçün söz İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya verildi.

Akademik N.Paşayeva tədbir iştirakçılarını salamlayaraq dedi: "Xanımlar və cənablar! Dəvətimizi qəbul edib bura toplaşdığıniza görə hər birinizə öz təşəkkürümü bildirirəm. Tədbirimiz ənənəvi olaraq Milad bayramı ərəfəsində təşkil olunan xeyriyyə gecəsinə həsr edilir. Qeyri-adi və ecaskar əhval-ruhiyyə bəxş edən bu Bayram hamı tərəfindən sevinclə qarşılanır. Qeyd edim ki, eyni zamanda bu il bizim Cəmiyyət üçün fərqli bir ildir. Bizim artıq 20 yaşımız tamam olur. Əlbəttə, 20 il azdır, gənclik yaşıdır. Amma bu fikir bütün hallara aid olmur. Belə ki, ölkəmizin - ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın 25 yaşı, bizim isə 20 yaşımız tamam oldu. Bu illər ərzində Cəmiyyətimizin fəaliyyətində yaxından iştirak edən, layihələrimizdə əzmlə, sevgilə çalışan - humanitar, mədəni və xeyriyyə tədbirlərimizə dəstək verən insanlara dərin təşəkkürümü bildirmək istərdim. Başlanğıc şərəfli və uğurlu oldu və bizlər bu uğuru davam etdirməliyik. Artıq 10 ildir ki, mən həmsədr kimi burada çalışıram və bu illər ərzində özüm də çox şeylər öyrənmişəm. Ölkənizi - İngiltərəni daha yaxşı tanımış və daha çox sevmişəm.

Paytaxt London sadəcə böyük və gözəl şəhər olaraq qalmır. Bu şəhərdə müxtəlif yerlərdən gələn insanlar yaşayır. Şəhərin beynəlmiləl ruhu bu insanları birləşdirir. Azərbaycanın paytaxtı Bakı da həmişə beynəlmiləl şəhər olub.

Təsadüfi deyil ki, Avropada oxuyan azərbaycanlı tələbərin ən böyük qismi Böyük Britaniyada təhsil alırlar. Əsas səbəblərdən biri odur ki, məhz burada o gənclər özlərini qürbətdə deyil, doğma yerdə hiss edirlər. 20 yaşı olan Cəmiyyətimizin mövcudluğu və varlığı həm Azərbaycanda, həm də Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri olaraq missiyamızı gələcək nəsillərə ötürməyin vacibliyini yaxşı anlayıram. Əldə edilən nailiyyətləri, qurulmuş münasibətləri, iki ölkə arasında vətəndaş cəmiyyətlərinin birliyini, xeyriyyəçilik, maarifçilik, mədəni tədbirləri davamlı və möhkəm etmək bizim Cəmiyyətin əsəs məqsədidir. İnanıram ki, belə də olacaq.

Bir daha hamınıza minnətdarlığımı bildirir, qarşıdan gələn Yeni İlinizi təbrik edir və sizlərə gözəl axşam arzulayıram".

Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik fəaliyyəti və uğurları Britaniya və Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunub. O deyib: "Cəmiyyətin iki ölkə arasındakı mədəni əlaqələrinin inkişafı və yaxınlaşmasına verdiyi dəstək təqdirə layiqdir. Təbii ki, ən böyük təqdirə və təşəkkürə bu Cəmiyyətin uğurlu inkişafında böyük xidmətləri olan akademik Nərgiz Paşayeva, Lord German və Cəmiyyətin digər dəyərli üzvləri layiqdir. Bir daha İngiltərə-Azərbaycan Cəmiyyətinin bütün üzvlərini şərəfli yubiley münasibətilə təbrik edirəm".

Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin üzvləri də çıxış etdilər.

Tədbirin sonunda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayeva Azərbaycan televiziyasına müsahibə verib. Akademik N.Paşayeva deyib: "Bu gün Böyük Britaiya Parlamentinin Lordlar Palatasında ənənəvi olaraq İngiltərə-Azərbaycan Cəmiyyətinin illik xeyriyyə tədbiri keçirilir. Bu yığıncaq xüsusi bir tarixə də malikdir. Belə ki, biz İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, 20 ildir ki, Britaniyada fəaliyyət göstəririk. Başlıca cəhət ondan ibarətdir ki, bu Cəmiyyət İngiltərədə təsis olunmuş funksional, davamlı və uzun tarixə malik və müstəqil Azərbaycanı Böyük Britaniyada təmsil edən nüfuzlu bir təşkilatdır. İndiyə qədər Cəmiyyət haqqında yalnız müsbət rəylər söylənilib. Cəmiyyətin işi İngiltərə ictimaiyyəti tərəfindən dəstəklənib və Cəmiyyətin yüksək hörməti və nüfuzu vardır. Bu xoş haldır və biz inanırıq ki, gələcəkdə İngiltərə-Azərbaycan Cəmiyyəti iki ölkə arasında mədəni, insani, tarixi və xeyriyyəçilik ənənələrini daha da möhkəmləndirəcək".

Böyük Britaniyanın keçmiş sənayə və energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfindən ilk həmsədri olmuş Tim Eqqer Azərbaycan televiziyasına verdiyi müsahibəsində qeyd edib: "Mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradıldığı dövrü yaxşı xatırlayıram. İlk günlərdən mən Cəmiyyətin üzvüyəm. Ötən 20 il ərzində bu Cəmiyyət iki ölkə arasında həm mədəni, həm də iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Burada, Lordlar Palatasında yubileyin qeyd olunması mənim üçün həm sevindirici, həm də qürurvericidir".

Qeyd edək ki, 1997-ci ildə yaradılmış İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara uğurla nail olur. Özünün 20 illiyini fəxrlə qeyd edən İngiltərə-Azərbaycan Cəmiyyəti bu dövr ərzində müxtəlif, xususən də təhsil və mədəniyyət sahələrində, uğurla həayata keçirdiyi bir sıra əhəmiyyətli layihələri qeyd etmək yerinə düşər.

İngiltərə-Azərbaycan Cəmiyyəti bu illər ərzində Azərbaycanda muxtəlif xeyriyyə tədbirləri təşkil etmişdir. Buna misal olaraq, Cəmiyyətin Gəncə şəhərində, Maştağada, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaq evlərində həyata keçirdiyi müəyyən təmir işlərini, həmin uşaq evlərində çalışan əməkdaşlar üçün Britaniyadan dəvət olunmuş mütəxəsislər tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını göstərmək olar. Cəmiyyət Ramana qəsəbəsində yerləşən əlillər evinin təmiri, həmçinin Azərbaycanda uşaq ölümlərini azaltmaq məqsədilə təsis olunmuş İngiltərənin "Health Prom" xeyriyyə cəmiyyətinin təklif etdiyi azərbaycanlı həkimlər üçün xüsusi təlimlərin keçirilməsi proqramına böyük dəstək vermişdir. Talassemiya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən Britaniyadan ixtisaslı mütəxəssislərin və laboratoriya texnoloqlarının Bakıya və bu sahədə çalışan Azərbaycan həkimlərinin İngiltərəyə təlim səfərlərinin təşkil edilməsi sahəsində vacib işlər görülmüşdür.

İngiltərə-Azərbaycan Cəmiyyəti təhsil sahəsində də bir sıra xeyriyyə işləri görmuşdür. Kembric Universitetində azərbaycanlı tələbənin ali təhsil almasına maddi dəstək vermişdir. Həmin gənc daha sonra Britaniyanın Xarici İşlər Nazirliyinin Çevninq təqaüdünü də qazanmışdır; Sürrey şəhərində yerləşən Yəhudi Menuhin Məktəbində skripka fənni üzrə təhsil almaq üçün 1 şagirdə təqaüd ayrılmışdır; Londonun "Guildhall" məktəbində təhsil alan azərbaycanlı gənc pianoçunun dünya üzrə keçirilən müsabiqələrdə iştirakına dəstək olunmuşdur. Amsterdamda keçirilən son müsabiqələrin birində həmin azərbaycanlı iştirakçı I yer tutmağa müvəffəq olmuşdur. Cəmiyyət həmçinin Böyük Britaniyanın məşhur və ilk ixtisaslaşmış musiqi məktəbi olan "Purcell" (www.purcell-school.org) məktəbilə Bül-Bül adına musiqi məktəbi arasında əməkdaşlığın qurulmasının təşəbbüskarı olub. Cəmiyyətin təşkilatçılığı ilə Bül-Bül adına musiqi məktəbinin iki şagirdi Britanıyanın "Purcell" musiqi məktəbində 10 gün təlim dərslərində iştirak ediblər. Həminçinin, Cəmiyyətin dəstəyi və təşkilatçılığı ilə Britaniyanın Uels Kral Musiqi və Dram kolecinin (www.rwcmd.ac.uk) müəllimi, Böyük Britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbi Bülbül adına musiqi məktəbində şagirdlər üçün fortepiano dərsləri aparmışdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin bu kimi onlarla digər xeyriyyə işlərini vurğulamaq olar.

Tədbirdə İngiltərənin "Fe Musa" adlı yeganə qadın simli orkestrinin üzvlərindən ibarət kvartetinin ifasında musiqi əsərləri səsləndirilib. Konsert proqramında həmçinin, Azərbaycan milli instrumental musiqi ifaçıları Rafiq Rüstəmov (kamança) və Rasim Fərziyevin (tar) təqdim etdiyi nömrələr də maraqla dinlənilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində