Vahimə ümidi ilə həqiqi ümidin fərqi nədir?


Digərləri 10 Dek 2017 19:50:00 317 0

Vahimə ümidi ilə həqiqi ümidin fərqi nədir?

Ümid və arzu elə bir amildir ki, insanı hərəkətə gətirir və inkişaf etməsinə səbəb olur. İslam Peyğəmbər (s) buyurur: "Ümid və arzu - mənim ümmətim üçün rəhmətdir. Əgər ümid və arzu olmasaydı, heç bir ana övladına süd verməzdi. Heç bir bağban ağac əkməzdi".

Son.az deyerler.org-a istinadən bildirir ki, lakin arzu gərək ali məqsədə xidmət etsin, nəinki nəfsani hisslərə. Belə ümidə həqiqi ümid deyirlər. Çünki müsbət və qurucudur. Həyat suyu kimi insan varlığını sirab edir və səmərə gətirir. Belə bir ümid İlahi hədəfdə qərar tutur. Yəni, insan üçün dünya və axirətin xeyirini istəyir. Dünyanın maddi sıxıntısından çıxmış olur. Həqiqi ümidə hədislərin dilində rica deyirlər. İmam Əli (ə) buyurur: "Hər kimin arzusu Allah olar, sonsuz arzu və ümidə çatmış olar".   Ancaq vahimə ümidi şeytanın (lən) insana verdiyi həmin yalançı vədələrdir ki, vəsvəsə vasitəsilə insan qəlbində icad edər. Quran bu haqda buyurur: "Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir". ("Nisa" 120).   "Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir". ("İsra" 64).   Misal üçün, şeytan insana vəsvəsə edir ki, əgər bu günah işi görsən, sabah və ya birigün böyük sərmayə əldə edəcəksən. Onu bu cür vədələrlə ömrünün sonuna qədər aldadır. İnsan can verən zaman ayılır ki, ömrü boyu Allahı yada salmayıb və Onun üçün bir iş görməmişdir.   Şeytanın vahimə ümidlərindən biri də uzun arzulardır. İmam Əli (ə) buyurur: "Mən sizin üçün iki şeyə görə qorxuram. Havayi-nəfsin ardınca getməkdən və uzun arzulardan. Nəfsin ardınca getmək sizi haqdan uzaqlaşdırar. Uzun arzular axirəti unutmağa səbəb olar".   Beləliklə deyə bilərik ki, həqiqi ümid odur ki, insanı İlahi yolda qərar versin və qurucu ümid olsun. Lakin vahimə ümidi odur ki, şeytan insana yalan vədələr verər və vəsvəsə edər. Onu uzun arzular və yalanlar vasitəsilə Allahdan uzaqlaşdırar.