Bir daha dayıuşaqları və əmiuşaqları arasında evlilik barədə


Digərləri 10 Dek 2017 18:51:00 266 0

Bir daha dayıuşaqları və əmiuşaqları arasında evlilik barədə

"Economist" yazır ki, məşhur Charles Darwin öz dayısı qızı ilə evlənib və bəlkə də buna görə peşmançılıq çəkirmiş. Böyük alimin sonrakı illərdə bitkilər üzərində apardığı təcrübələr ona yaxın qohumlarla evliliyin "bütün şər effektlərini" bariz şəkildə göstərmişdi.

O 1870-ci ildə bir millət vəkilinə yazdığı məktubda gələn dəfə keçiriləcək əhali siyahıyaalmasında adamların qohumları ilə evli olmalarının statistikaya salınmasını təklif edirdi. O məktubda yazırdı ki, qan qohumlarının evliliyindən "kar, kor və lal uşaqların törənməsi geniş yayılıb".

Darwin-in təklifi rədd edilmişdi. Britaniya Amerikada olduğunun əksinə "birinci nəsil qan qohumları" (dayı və əmi uşaqları arasında) ilə evli olanların qeydiyyatına başlamamış və bunu praktikada qadağan etməmişdi. Britaniya cəmiyyəti əmi/dayı uşaqları arasında evliliyin arzuuolunmaz olduğu fikrinə tədricən gəlsə də, bunu ağlasığmaz hesab etmirdi. Bu fikir dəyişikliyi indi bütün dünyada gedir.

Məlumatlar dağınıqdır, amma ümumi meyl aydındır. Məsələn İordaniyada 1990-cı ildə nikahların 57 faizi qan qohumları arasında bağlanmışdı, lakin artıq 2012-ci ildə bu rəqəm 35 faizə enib. İsrail ərəbləri arasında aparılmış sorğu 2000-ci ilədək bağlanmış nikahların 20 faizinin qan qohumları arasında olduğunu göstərib. 2005-ci ildə bu rəqəm 12 faizə enib. Qan qohumnları arasında evliliklərin sayı Pakistan, Türkiyə və cənubi Hindistanda da azalmaqdadır. Ümumiyyətlə, deyəsən Qətərdən başqa belə nikahların sayı bütün dünyada azalmağa doğru gedir.

"Economist" yazır ki, bu meylin güclənməsində tibb işçilərinin apardığı maarifləndirmə işi böyük rol oynayıb. Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahların müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğu barədə, həm də çox yaxşı dəlillərlə həyəcan təbili çalırdılar.

Ən maraqlı araşdırma isə İngiltərnin şimalındakı Bradford şəhərində aparılıb. Burada 2007 və 2011-ci illər arasında doğulmuş pakistanlı körpələrin 37 faizi qan qohumu olan valideynlərdən doğulub. Alimlər bu qənaətə gəlmişdilər ki, əmiuşaqları və dayıuşaqları arasındakı izdivaclar doğuş deffektlərini 3 faizdən 6 faizə, yəni iki dəfə artırır!

Əlbəttə, heç də bütün doğuş qüsurları ciddi deyil və ciddi tibbi problemlər orttaya çıxmaya da bilər.

Üstəlik bir çox mədəniyyətlərdə qan qohumları arasında evlilik təqdir edilir. Bunun da öz səbəbləri var. Cehiz mədəniyyəti olan xalqlarda qohuma ərə gedən qızlar bu izdivaca çox az pul töhfəsi verirlər. Bundan başqa, belə ailələrdə doğulan uşaqları yaxın qohumlar göz bəbəyi kimi qoruyurlar.

Məsələn Omanda aparılmış bir sorğu göstərib ki, respondentlərin əksəriyyəti qan qohumları arasında izdivacların təhlükəsini bilsə də, belə nikahlara haqq qazandırıb.