Cəlil Cavanşir: “Bacısının problemini bilməyən...”


Digərləri 10 Dek 2017 18:55:00 389 0

Cəlil Cavanşir: “Bacısının problemini bilməyən...”

Son.az lent.az-a istinadən​ tanınmış yazar, tərcüməçi Cəlil Cavanşirlə müsahibəni təqdim edir.

- Cəlil, sənin yaradıcılıq məsələlərindən başlayaq, nə yeniliklər gözlənilir? Bir müddət əvvəl də kitab anonsu vermişdin.

- 10 ildən artıqdır köşə yazıram. Sevdiyim yazıların itib-batmağını istəmirəm. Məsələn, 2011-ci ildə "Mərkəz" qəzetində köşə yazırdım, Qəzet bağlanıb, arxivinin də qalıb, qalmadığını bilmirəm. O yazılardan bəziləri arxivimdədir. Yaxud "Kulis"də yazdığım ilk yazıları, "Gündəlik Teleqraf", "Ədalət" qəzetləri, Publika.az saytına yazdıqlarımı tapa bilmirəm. İçimdə qorxu var - sevdiyim yazılar itib-batacaq. Əlimə keçənləri topladım, saf-çürük elədim, 400 səhifəlik yazıdan təxminən 200 səhifəsini saxladım. Əslində əvvəllər esselərdən, ya köşələrdən ibarət kitab çap etdirmək fikrim yox idi. Sonra bu qorxuyla fikirləşdim, "Sola dönmək qadağandır" adlı kitab çap etdirim. Redaktəsini yekunlaşdırmışam, artıq demək olar bütün işlər görülüb. Əgər kitabın çapı üçün nəzərdə tutduğum önsatış kampaniyası alınsa, kitabı çap etdirəcəm. Romanımı iki il bundan əvvəl noyabrda bitirmişdim, amma keçən il, ümumiyyətlə, üstünə qayıda bilmədim. Oxumaq üçün zövqünə güvəndiyim bir dostuma - Ülvi Babasoya vermişdim. O da yenidən işləməyimi məsləhət gördü. İki fəsil də əlavə elədim, redaktə etdikcə əlavələrim də oldu. Yarıdan keçmişəm, yəqin ilin sonuna qədər hazır olacaq.

Uşaq hekayələri yazıram. "Qaranquş" jurnalında iki-üç hekayəm çap olunub. O qədər zövq alıram ki, bu prosesdən: fikirləşdim, bir uşaq kitabı da yazmaq lazımdır. Bu mövzuda çox boşluq var bizdə, yazanlar da çox bayağı yazırlar. Təkcə Reyhan Şıxlının uşaqlarla bağlı yazdıqlarını bəyənirəm, daha doğrusu, zövqümə yaxın hesab edirəm. Müasir uşağa nəsə verə biləcəyini düşünürəm. Köhnə uşaq -  yazarlarını dərsliklərdə də var - açığı, bəyənmirəm. Bəyənmirsənsə, ortaya nələrsə qoymaq məcburiyyətindəsən. Uşaqları çox sevirəm, əvvəl qardaşlarımı və bacımı, sonra qonşuların, qohumların uşaqlarını sevmişəm, nəhayət, öz övladlarımı. Uşaqlara həmişə nağıl quraşdırıb danışmışam, indi o nağılları, hekayələri fərqli variasiyalarda, yazıçı kimi özümə danışıram, fürsət tapdıqca yazıram.

- Romanın üstündən keçdin, ən azından ipucu verə bilərsən, hansı mövzudadır?

- Romanda bir dağ kəndində həyatın müxtəlif əzablarını yaşamış insanların faciələrini anlatmağa çalışmışam. Əsas mövzu, ana xətt kəndin dəliləridi. Paralel zamanlar var əsərdə. Qəhrəman "flash back"lərlə uşaqlığına qayıdır. Üçüncü zaman da nənəsinin danışdıqlarından bəhs edir, daha çox regionun tarixi ilə bağlıdır. Öz doğulduğum kəndin əhvalatlarıdır. Bizim kəndimiz böyük, qədim kənddir və hesab edirdim ki, doğulduğum yerlə bağlı yazmalıydım. Bircə onu bilirəm, Əkrəm Əylisli qədər olmasa da, xeyli söyüş qazanacam. Çünki erməni məsələlərində reallıqlara, kəndin yaşlı sakinlərinin danışdıqları əhvalatlara toxunmuşam. Düzdür, bu əsas süjet deyil, amma açığı yenə də psevdovətənpərvərlərdən qorxuram.

Düşünürdüm, bunu bəlkə 60 yaşında yazaram, sonra fikirləşdim, bəlkə o qədər yaşamadım. Birinci kəndin ağsaqqallarından eşitdiklərimi yadıma saldım. Uşaq vaxtından çox sevirdim yaşlı adamlarla söhbət etməyi. Romanı yazmaq qərarına gəldikdən sonra o yaşlı insanlarla yenə görüşdüm. Onlarla söhbət etdik, bəzi məqamları, faktları özüm üçün qeyd elədim. Bir az da bədiiləşdirməyə çalışdım ki, tam tarixi, sənədli olmasın. Amma romanı həqiqətlər üzərində, gerçək faktlara əsaslanıb qurmuşam. Mənə elə gəlir, romanın psixoloji qatı səpələnmiş tarixi qatlardan daha ciddidir. Ümid edirəm, oxucular, tənqidçilər tarixi detallara yox, daha çox bütöv romanın özünə diqqət yönəldəcəklər. Çox həyəcanla gözləyirəm romanı bitirməyi. Təxminən 6-cı ildir ki, fasilələrlə bu romanın üzərində işləyirəm.

- Şeirlərində daha çox kədər hiss olunur. Amma qəribə, özünəməxsus ironiya da var. İstəyirəm o ironiyadan bir az danışasan.

- Mənə görə, ironiya postmodernizmin ən vacib detalıdır. Bəziləri yaradıcılığı o qədər ciddiyə alırlar ki, illərlə roman, hekayə, esse, şeir yaza bilmirlər, illərlə əllərinə qələm almırlar. Quru akademizmdə, əzbərçilikdə ilişib qalırlar. Yazmağın, özünüifadənin minlərlə yolu var, ironiya da bu yollardan biridir. Mən "ciddiliyin" tərəfdarı deyiləm. Ədəbiyyat yaradıcı insan üçün həyat tərzidir. Çox akademizmə yuvarlanan adamlar gündəmi qaçırırlar, unudurlar. Dostoyevskidə, Tolstoyda, yaxud Nazimdə nə qədər ilişib qalmaq olar? Adam bir az da özünü, çağını yazmalıdır. Çağını yaza bilməyən, akademizmə yuvarlanan adam bu günlə ayaqlaşa bilmir, illərlə belə davam edir. Bunun çoxlu nümunələri var, özü məşhur olub heç nə yaza bilməyən yazarlar var. Məsələn, Mehdi Bəyazid, Vidadi Məmmədov... Tərifləyib göyə qaldırırlar... Mehdi Bəyazid də, Vidadi Məmmədov da dahi olmayıb. Ola bilsin, hər ikisi istedadlı, mütaliəli olub. Amma içki məclislərindən o tərəfə bu istedad realizə olunmayıb. Ortada mətn yoxdur. Onlara tənbəllik və yazmaq xofu mane olurdu. Bu xofdan xilas olmağın bir yolu da ironik yazı üslubudur. Arxasında gizlənmək də mümkündür, özünü normal şəkildə ifadə etmək də.

Yazı gündəlik prosesdir, yazıçı hər gün yazmalı, oxumalıdır. Yazmaq cəsarət tələb edən məsələdir. Müasir yazıçı dövrünü yaxşı müşahidə etməlidir, hətta özünə belə, ironiya ilə yanaşmağı bacarmalıdır. Elə məsələlər var, onu qalstukla anlatmaq ürküdücüdür, oxucunu qaçırır, istədiyin nəticəni vermir. Amma ironiya ilə yazanda oxucu mətndən qorxmur. Bəzən ağrını da ironiya ilə vermək mümkündür. İroniya, hazırkı şərtlərdən sığına biləcəyimiz limandır. Çılpaq dillə bütün həqiqətləri yazmaq bəzən hətta təhlükəlidir. Eyni zamanda, postmodern ədəbiyyatda əsas "silah"lardan biri ironiyadır. Bizimlə eyni dövrdə yaşayıb, 30-cu illərin ədəbiyyatını yaradan yazıçılar var. Dostlarımızın arasında, gündəlik çap olunan imzalar içində dövrünü, müasir insanı unudan yazıçılar var. Mən bu günün ədəbiyyatını yaratmağa iddialıyam. Bu günün ədəbiyyatında da mütləq ironiya olmalıdır. İroniyasız keçinə bilmirəm.

- Akademizmə daha çox yer verənlər arasında Qismət də var...

- Qismət bu günün ədəbiyyatçısıdır. Onun akademizmi müasir və faydalıdır, "quru", əzbərçi, şablon akademizm deyil. Bəlkə də onu çox sevdiyim üçün haqqında hər zaman yüksək fikirdəyəm, amma Qismət nadir fenomendir. Yaşca məndən kiçik olsa da, "müəllim" deyirəm ona. Mütaliəni həddindən artıq ciddiyə alan, ədəbi prosesləri çox ciddi şəkildə izləyən adamdır. Bir müddət əvvəl roman yazmağa başlamışdı. Tez-tez bu barədə söhbət edirdik. Hərdən mənə elə gəlir, bu romanı bitirməyə Qismətin mütaliəsi, akademizmi mane oldu. Qismət çox yaxşı tərcüməçi, esseist, ədəbiyyatşünas və çox gözəl şairdir. Bir neçə hekayə yazdı, çap etdirdi, sonra dayandı. Məncə, Qismətin daxilində gedən, sadəcə özünün dəqiq bildiyi proseslər var. Bəzən düşünürəm, o bundan sonra sadəcə şeir yazacaq, hərdən də "Azərbaycan ədəbi tənqidində, ədəbiyyatşünaslığında yeni mərhələ yaradacaq" fikrinə qapılıram. Türkiyə mətbuatında ciddi yazılarla görünməyə başlaması sevindiricidir. Əslində Qismətdən oxucusu olaraq elə bunu gözləyirəm. Ədəbiyyatımızda ən çox boşluq olan sahə ədəbi tənqiddir. Akademik ədəbi tənqidə ciddi ehtiyac var. Qəlp mətnlər bezdiricidir. Mənim də yazdığım, atüstü köşələr ədəbi tənqid deyil. Qismətin akademizmi bu baxımdan xeyirlidir.

Amma adam roman yazır, roman yazmağa başlayandan sonra roman nəzəriyyəsi oxuyur. Roman yazmaq üçün roman nəzəriyyəsi oxuya, hər hansı tədris mərhələsində nəzəriyyəni öyrənə bilərsən, amma roman yazan adamın stolunun üstündə roman nəzəriyyəsiylə bağlı kitabların qalaqlanması absurddur. Akademik şəkildə, ölçülü-biçili, ondan sonra bu olacaq, bundan sonra o olacaq - xüsusən, ədəbiyyatda belə alınmır. Hərəkət etmək, heç olmasa getmək lazımdır, yerində dayanıb, oturub hekayə yazmaq mümkün deyil. O "pub"ları, restoranları, kafeləri, mitinqləri, polis dəyənəklərini, həbsxananı görmədən bu həyatı yaza bilməyəcəksən. Otur elə kitabların arasında və bütün günü fikirləş ki, Nitsşe belə demişdi, Freyd elə demişdi, Dostoyevski bunu yazırdı. Bu, artıq ilişib qalmaqdır. Yazıçının işi bu deyil. Yazıçı mütaliə edə, kitab oxuya bilər - belə də olmalıdır, mütaliəsiz yazıçı ola bilməz. Amma yazıçının işi sadəcə mütaliə etmək, nəzəriyyə oxuyub dördbucaq şeirlər, tərifini əzbərləyib hekayə yazmaq deyil.

- Postmodernizmdən sitat gətirdin. Bəzi ədəbiyyatçıların fikrinə görə, postmodernizm lazımsızdır, bütün sistemi çökdürmək üçün nəzərdə tutulub. Azərbaycan ədəbiyyatının əleyhinə yönəlib və kifayət qədər müasir dünyagörüşünə sahib adamlar da belə fikirləşirlər.

- Bizim yaşlı qələm adamları postmodernizm təbirini sevmədikləri gənc yazarlar haqqında təhqir kimi işlədirdilər. Halbuki sonradan anladılar ki, "postmodernistlər" demək kimisə aşağılamaq deyil, əksinə yüksəltməkdi. Postmodernizm ədəbiyyatda növbəti, illər öncə başlamış və artıq çağın tələbi olan mərhələdir. Necə ki ədəbiyyatda realizm, naturalizm kimi "izmlər" vardı, postmodernizm də olmalıdır. Demirəm, bir detektiv yazar postmodernist-detektiv roman yazmalıdır. Ola bilər, yazmasın, imtina etsin postmodernizmdən, amma özünü müasir yazar hesab edən adam mütləq bu janrın tələblərini bilməli, prosesin içində olmalıdır. Postmodernizm dalğadır, istəsək də, istəməsək də onun içindəyik. Minlərlə, milyonlarla nümunə var, çoxu da uğurludur. Filmdə də, şeirdə də, romanda da dahiyanə örnəklər var. Postmodernizmi, postmodern ədəbiyyatı Azərbaycan ədəbiyyatına qarşı qoymaq axmaqlıqdır.