Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası FOTO


Digərləri 10 Dek 2017 18:56:00 381 0

Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası  FOTO

Abşeron qalalarından biri də Şağan qəsəbəsində yerləşir.

Şirvanşahlar dövründə, XII əsrin sonu, XIII əsrin əvvəllərində müdafiə məqsədilə inşa edilən qalanın hazırkı hündürlüyü 16 metrdən artıq deyil.

Son.az Trend-ə istinadən bildirir ki, əsrlər boyu qanlı toqquşmalarla, təbii fəlakətlərlə qarşılaşan qalaçanın çox hissəsi dağılsa da, bir bürcü dövrümüzə qədər qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Yeri gəlmişkən, həmin zəlzələ nəticəsində Maştağa qalası yerlə bir oldu.

Abidənin daşlarının bir qisminin şəxsi məqsədlə daşındığı, oğurlandığı da bildirilir. Təbii ki, bu da qalanın uzun müddət tam nəzarətsiz qalmasından xəbər verir.

Abşerondakı digər istehkamlar kimi sal qayaların üzərində ağ daşdan tikilən Şağan qalasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib.

Şağan qalası da digər qalalar kimi yeraltı yola sahibdir. Qalaçanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb.