2 dəfə dağıdılmış, 44 dəfə işğal edilmiş müqəddəs şəhər


Digərləri 10 Dek 2017 18:50:00 341 0

2 dəfə dağıdılmış, 44 dəfə işğal edilmiş müqəddəs şəhər

Qüds və ya Yerusəlim - dünyanın ən qədim şəhərlərindən biridir. Həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin - islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir. Qərb və yəhudi mənbələrində Beytül-Müqəddəs adı ilə də tanınır.

Son.az lent.az-a istinadən xəbər verir ki,  müsəlmanlar üçün Qüds ilk qiblə olan Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsaqı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

Xristianlıqda Yerusəlimin müqəddəsliyi məsələsi Əhdi-Cədiddə təsvir olunmuş İsanın çarmıxa çəkilməsi hadisəsi ilə daha da möhkəmləndirilmişdir. İslamda aləmində Yerusəlim Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər sayılır. İslam ənənəsinə görə b.e.-nın 610-cu ilində Yerusəlim İslamın ilk qibləsi olmuş, və Məhəmməd peyğəmbər Merac zamanı orada peyğəmbərlərə namaz qıldırmışdır.

Dəfələrlə dağıdıldığına görə cəmi 0.9 kv km sahəyə malik olan Qədim şəhərdə Qərb divarı, Qübbətüs-Səhra və Məscidül-Əqsa ilə birlikdə Məbəd dağı, həmçinin Müqəddəs Qəbir kilsəsi kimi böyük dini əhəmiyyətli abidələr yerləşir. Qala divarlarından kənarda isə Məzar bağı yerləşir.

"Kədər Yolu" - İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır.  Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.

Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar xristianların təbirincə "Ağlama divarı" adlanır. Müsəlmanlar 2500 il tarixi olan divarın bir caminin divarı olduğunu iddia edirlər.  Yəhudilər buraya məhv olmuş məbədə kədərlərini ifadə etmək üçün gəlirlər. Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazıb, divardakı dəliklərə yerləşdirərək anrının onların dualarını eşidəcəyinə ümid edir.

Qüdsün tarixi

Yerusəlimin eramızdan əvvəl 4500-3500-cü illər arasında salındığı güman edilir. Şəhər haqqında ilk yazılı mənbə qədim Misirdə tapılan  "Lənət mətnidir".  Misirin düşmənlərinin adı sadalanan mətndə Rusalim  şəhəri haqda danışılır.

Bibliyaya görə, təxminən e.ə. 1000-ci ildə yəhudilər Davud padşahın başçılığı ilə buranı işğal etdilər. Buna qədər burada ievuseylər yaşayırdı. Davud burada Davud şəhərini salır və ora yəhudilərin "Müqəddəs vəsiyyət sandığı"nı gətirdir. Bu şəhərdə Yaqub peyğəmbərin on iki oğlundan törəmiş qəbilələr bir-birinə qarışıb yaşamağa başlayırlar.

E.ə. 970-ci ildə hakimiyyətə Davudun oğlu Süleyman gəldi. O, "Müqəddəs vəsiyyət sandığı"nın saxlanıldığı ilk məbədi tikdirdi. Süleymanın hakimiyyətinin sonlarında şimaldakı on İsrail qəbiləsi Birləşmiş Monarxiyadan ayrıldı. Cənub qəbilələri İsrail çarlığının paytaxtı olan Yerusəlimdə qaldı. E.ə. 586-cı ildə şəhəri babillilər işğal etdi. Məbəd yandırıldı və "Müqəddəs vəsiyyət sandığı" itdi. Yerusəlim sakinlərinin çoxu öldürüldü, qalanı da əsir alınıb Babilistana qul kimi aparıldı. E.ə. 538-ci ildə Babilistanı işğal etmiş fars hökmdarı Kir qaçqınlara öz torpaqlarına qayıdıb məbədlərini bərpa etməyə icazə verdi. E.ə. 33-cü ildə Yerusəlim Makedoniyalı İsgəndərin idarəçiliyi altında idi. İsgəndərin ölümündən sonra Yerusəlim Misir hökmdarı Ptolomey tərəfindən işğal olunub dağıdıldı. E.ə 167-ci ildə IV Epifan Müqəddəs Məbəddəki Yandırma qurbangahının yerinə olimpli Zevsin mehrabını qoymaqla oranı "murdarladı". Buna cavab olaraq yunan işğalçıları torpaqlardan qovuldu. E.ə. 73-cü ildə Yerusəlimə Roma imperatorluğu tərəfindən Yəhudi bölgəsinə ayrılan kral Hirodes hökmranlıq edirdi. O Müqəddəs məbədin bərpası və məbəd dağlarının yenidən tikilməsi haqda qərar verib.

Eramızın 70-ci ilində Birinci yəhudi müharibəsi baş verdi, romalılara qarşı üsyana qalxan yəhudilər öldürüldü, şəhər dağıdıldı. İkinci yəhudi müharibəsi də eyni şəkildə bitdi. 325-ci ildə Roma çarı Konstantin şəhərin "Yerusəlim" adını qaytardı və buranı xristian dinin mərkəzi kimi bərpa etdi.