Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir


Digərləri 10 Dek 2017 13:21:56 274 0

Bu mallara tətbiq edilən gömrük rüsumu ləğv edilir

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kardo və daraqla daranmaya məruz qalmamış zərif heyvan tükünə tətbiq edilən gömrük rüsumu ləğv olunacaq.

Son.az APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən hazırda kəşmir keçiləri, anqara kroliki, alpaqa, lama, vikunya, dəvə, anqora, tibet və ya oxşar cinsli keçilər, dovşan, qunduz, nutriya və ondatranın tükünün idxalına 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilib. Gələn il yanvarım 1-dən bu zərif heyvan tükləri idxal gömrük rüsumundan azad ediləcək. Kardo və ya daraqla daranmaya məruz qalmış zərif heyvan tüklərinə gəlincə, kəşmir keçilərinin tükü üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Digər zərif heyvan tüklərinə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Tərkibində 85 kütlə % və ya daha çox yun və zərif heyvan tükü olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu da gələn ildən ləğv olunur.