“Hər yerdə xaos, qarışıqlıq olacaq, radikal qruplar hərəkətə keçəcək"


Dünya 09 Dek 2017 19:21:00 280 0

“Hər yerdə xaos, qarışıqlıq olacaq, radikal qruplar hərəkətə keçəcək"

“Müsəlman ölkələr, xüsusən də enerji ehtiyatları olan ölkələr növbə ilə işğal ediləcəklər”

İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-dan başqa, bəzi digər ölkələrin də öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqlayıb. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə bir neçə dövlət də Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.

"Səfirliklərin Təl-Əvivdən Qüdsə köçürüləcəyinə gəlincə, sizi əmin edirəm ki, bu addımı ABŞ-dan öncə atan ölkələri də görəcəksiz" - baş nazir qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Bölgədəki silahlı dəstələr, həmçinin İraqda fəaliyyət göstərən əl-Nucaba təşkilatı Amerika hərbçilərinə qarşı hücumlara başlanılacağını bəyan edib.

"ABŞ rəhbərliyinin müqəddəs şəhər olan lə bağlı verdiyi bəyanat amerikalı əsgərlərə hücumu leqallaşdırdı. Onlar görüldükləri yerdə öldürüləcəklər" - əl-Nucaba bəyanat yayıb.

Ağ Ev rəhbəri Donald Trampın Qüdslə bağlı bəyanatı İslam dünyasında hiddətə səbəb olub. Ən sərt reaksiyanı isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərib. O, Donald Trampın nə etməyə çalışdığını anlamaqda çətinlik çəkdiyini deyib: "Trampın nə etmək istədiyini anlaya bilmirəm. O, Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını söylədi. Əslində, Tramp bu qərarı ilə BMT qərarlarını heçə sayan addım atdı".

"Qüds müsəlmanların, xristianların və qismən də yəhudilərin ibadətgah yeri olaraq qəbul edilir. Müsəlmanların ilk qibləsidir. Amerikanın bu qərarı bölgəni atəş meydanına çevirəcək. Halbuki, siyasətçilər ortalığı qarışdırmaq üçün yox, sülh üçün fəaliyyət göstərməlidirlər" - Türkiyə prezidenti əlavə edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mövzunu Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl şərh edib. Professor bildirib ki, Vaşinqtonun Qüdslə bağlı verdiyi qərar, BMT qətnamələrinin tapdalanması deməkdir: "BMT-nin verdiyi qərar var. Amerika Birləşmiş Ştatlarının bu addımı beynəlxalq hüquqa tamamilə ziddir. Təxribat xarakterlidir. BMT qətnaməsini görməzdən gəlinməsi anlamını daşıyır".

"Artıq Fələstində geniş üsyan, üçüncü "İntifada" çağırışları edilir. Hər yerdə xaos, qarışıqlıq olacaq. Vaşinqtonun qərarı radikal qrupları hərəkətə keçirəcək. Maraqlıdır, onlar bunu istəyirlər? Yaxın Şərqdə İŞİD-in bitirildiyi, Suriyada yumşalma başladığı bir zamanda belə bir qərarın verilməsi olduqca düşündürücüdür " - Toğrul İsmayıl deyib.