İŞİDin itkin düşən uşaqlarının xilası


Dünya 09 Dek 2017 19:06:00 278 0

İŞİDin itkin düşən uşaqlarının xilası

İraq və Suriyada özünü İslam dövləti adlandıran qruplaşmaya on minlərlə xarici döyüşçü qoşulub. Onlardan əksəriyyəti Rusiyalıdır. Bəs dağılmaq üzrə olan xilafət üzvlərinin ailələrinin aqibəti necə olur?

Bağdadın dəbdəbəli bir otelinin nahar otağında biznesmenlər və rəsmi nümayəndələr arasında dörd solğun simalı uşaq görmək qəribə mənzərədir. Onlar üç və yeddi yaş arasında olarlar.

Sakitcə sıyıq yeyirlər. Onların ailəvi tətildə olmadıqlarını müəyyən etmək çətin deyil. Yanlarında iki qadın oturub və onlardan birinin qucağında körpə var. Uşaqlardan fərqli olaraq qadınlar İraqlıya bənzəyirlər. Uşaqlar çaşbaş və inamsız görünürlər.

Birdən yan masadakı mühüm görünüşə malik kostyumlu bir neçə kişi saatlarına baxırlar. Onlar ayağa qalxaraq qadınlar və uşaqlara işarə edirlər. Otelin mərmər döşəməli dəhlizi boyu yeriməyə başlayan kişilərin arxasınca qadınlar və uşaqlar tələsik hərəkətə keçirlər.

Həyətdə onları iki böyük maşın gözləyir. Kamuflyaj şalvarı geyinmiş və gözlərinə tünd eynək taxmış təhlükəsizlik nəfərləri uşaqları və qadınları (onlar muzdlu dayələrdir) maşına saldıqca əl radioları ilə məlumat ötürürlər. Mühafizəçilər də maşına minirlər və qapılar möhkəm örtülür. Maşınlar qapalı karvanda aeroporta tərəf üz alırlar.

Oteldəki uşaqlar

Rusiyalı diplomatlar və kəşfiyyat agentləri İraqdan azyaşlı vətəndaşlarını çıxarıb evlərinə qaytarırdılar. Hekayənin məğzi bundan ibarətdir.

Onlar üç qardaş və iki bacıdırlar. Mən onlarla gecə Rusiya televiziyasında yenidən görüşəcəyəm. Yəqin ki, masada gördüyümüz kişilərdən biri onları təyyarədən aşağı endirəcək və studiyaya gətirəcək.

Alışan kamera işıqları uşaqları daha da çaşqın hala salır. Onlar sevincdən göz yaşı tökən qohumlarına təhvil verilirlər. Məsul şəxslər arasından 50 yaşlarında, hündürboy bir kişi müsahibə verməyə çalışır və sonda dözmür, göz yaşlarına hakim ola bilmir.

Onun adı Ziyad Sabsabidir. O, Rusiyanın cənubunda yerləşən Çeçenistanın prezidentinin Yaxın Şərqdə rəsmi elçisi və rusiyalı siyasətçidir.

Bir gecə əvvəl mən onunla otelin divanında əyləşib, telefonundakı şəkil və videolara baxırdım. O, mənə Bağdaddakı uşaq evindən götürdüyü bu oğlanlar və qızları göstərirdi. Orada xilas edə bildiyi başqa bir neçə uşaq və hələ də itkin olanlar da var idi.

Mənimlə söhbətləşərkən belə o ağlayırdı.

Ziyad Sabsabi bir uşağı Suriyadan Çeçenistana qaytarır.

Onlar, vətənini tərk edərək İraq və Suriyanı dağıtmağa gedən İslam Dövlətinin könüllü döyüşçülərinin uşaqlarıdır.

Amma bu qeyri-rəsmi görünüşlü rəsmi şəxs, dönə-dönə uşaqların nə günahı olduğunu soruşur.