Vətəndaşlara qarşı dələduzluq edən vəkilin apellyasiya şikayəti təmin edilməyib


Sosial 09 Dek 2017 17:45:00 264 0

Vətəndaşlara qarşı dələduzluq edən vəkilin apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, S.Cəfərov özgənin əmlakını ələ keçirmə məqsədi ilə Vəfa Quliyevanı əri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəza Çəkmə Müəsissəsində cəza çəkən məhkum Quliyev İmanverdi Mahmud oğlunun həbsdən azad edilməsində kömək etməsini vəd edib. O, həmin qadını aldadaraq 2013-ci ilin oktyabr ayında Bakı şəhərində yerləşən "Koroğlu" metrostansiyasının yaxınlığında 5 min manat, 2013-cü ilin noyabr ayının əvəllərində isə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Turan" restoranının qarşısında 3 min manat məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, S.Cəfərov təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Şükürov Azər Məstalı oğlunun qaynı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəza Çəkmə Müəsissəsində cəza çəkən məhkum Quliyev İmanverdi Mahmud oğlunun həbsdən azad edilməsində kömək etməsini deyib və onun 2013-cü ilin noyabr ayının axırlarında Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "Maral" heykəlinin qarşısında 7 min manat pulunu dələduzluq yolu ilə alıb.

Daha sonra, o, Nüşabə Abdullayevanın əri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəza Çəkmə Müəsissəsində cəza çəkən məhkum Elsevər Nəbiyevi həbsdən azad edilməsində kömək etməsini vəd verib, 2014-cü ildə 35 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməyə nail olub.

S.Cəfərov Rəhim Zəkiyevin 200 manat, Nərminə Əliyevanın 2 min manat, Minayə Məmmədovanın 200 manat, Sabir Xəlilinin 1200 manat, Şəhla Xudatovanın 1000 manat, Rəsul Rəsulovun 300 manat, Nənəxanım İlyazovanın 350 manat, İbrahim İsayevin 500 manat, Elxan Bəşirovun 400 manat və Ruslan Abbasovun 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə hüquqi yardım edəcəyini söyləyib və sonda verdiyi vədə əməl etməyib.

S.Cəfərov Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, S.Cəfərov Bakı Ağır Cinayətlər Məhkməsinin 26 dekabr 2011-ci il tarixli hökmünə əsasən, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, 3 il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.