Samir Əliyev: "Komandaya yeni, istedadlı oyunçular cəlb etmək istəyirik"


İdman 09 Dek 2017 10:34:00 272 0

Samir Əliyev: "Komandaya yeni, istedadlı oyunçular cəlb etmək istəyirik"

"Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi".

Bunu "Səbail" komandasının baş məşqçisi Samir Əliyev evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının IV turundan təxirə salınmış oyunun ardından mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Oyunun gedişində, elə təəssürat yarandı ki, sanki siz meydanda olsanız, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiniz...

- Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardır. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

- Bu gün Nurlan Novruzovu əvəzlədiniz, keçən oyunda isə Amit Quluzadəni. Demək olarmı ki, bu oyunçular artıq "qara siyahı"ya düşüb?

- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

- "Səbail"in əsas məsədi milli komandalar üçün oyunçu yetişdirməkdir. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir?

- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək, əlimizdəki istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular cəlb etmək də istəyirik.

- Sistemə görə oyunçu axtarırsınız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsınız?

- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən yararlanacağıq.