Fərqli uşaqların müəllimi: "Əvvəl oturubdurmağı da bacarmırdı, sonra..." FOTO


Digərləri 08 Dek 2017 23:36:00 262 0

Fərqli uşaqların müəllimi: "Əvvəl oturubdurmağı da bacarmırdı, sonra..."  FOTO

Sağlam uşaq sağlam gələcək deməkdir. Təbii ki, hər bir valideyn övladının sağlam olmasını istəyir. Amma elə uşaqlar da var ki, onların sağlamlıqla bağlı müəyyən problemləri olur, dünyaya qüsurlu olaraq gəlirlər. Buna baxmayaraq, onlar cəmiyyətdən təcrid olunmur, xüsusi təhsil və tədris məktəblərində təhsilə cəlb olunurlar. Belə məktəblərdən biri də Bakıda yerləşən 3 saylı xüsusi təhsil məktəbidir. 

Son.az bildirir ki, məktəbin ibtidai sinif müəllimi Rəna İmaməliyeva ailem.az-a dərs dediyi məktəb və şagirdlər haqqında danışıb. Rəna xanım 15 ildir, bu məktəbdə müəllim işləyir. İndiyə kimi yüzlərlə şagirdi olub: "Burada autizmli, daun sindromlu, əqli geriliyi olan, iflic uşaqlar var. Onlar digər uşaqlardan fərqli olurlar. Onlar öz-özlərinə gülür, qışqırır, ipə-sapa yatmırlar. Həmin uşaqlarda göz kontaktı olmur. Elə uşaq var ki, onun heç bir öyrənmək qabiliyyəti yoxdur. Eləsi var ki, əzbəri çox güclüdür, kitabdan mətni göz yaddaşı ilə əzbərləyir. Elə uşaq da var ki, adi cümlələri danışa bilmir, amma misalları çox yaxşı həll edir".   Müəllimə deyir ki, normal məktəblərdən fərqli olaraq onlarda uşaqları 7 yaşından məktəbə götürürlər: "Bizə qüsuru olan uşaqlar müraciət edir. Belə məktəblər bir çox yerdə var, amma bizim məktəbin şəraiti, təhsil sistemi daha yaxşı olduğu üçün bizdə uşaqlar çoxdur. Məsələn, birinci sinif üçün əvvəl iki sinif açılardısa, indi üç sinif açılır. Bununla yanaşı, evdə təhsil almaq üçün də müraciət edənlər var. Yəni gələ bilməyənlər, məktəbə uyğunlaşa bilməyənlər üçün müəllimlər evə gedib xüsusi olaraq təhsil verir.