Azərbaycanın Milli Turizm Təbliğat Bürosu Ukrayna turizm bazarını mənimsəyir


İqtisadiyyat 08 Dek 2017 17:46:23 274 0

Azərbaycanın Milli Turizm Təbliğat Bürosu Ukrayna turizm bazarını mənimsəyir

Kiyevdə turizm şirkətləri üçün "Sizin Azərbaycan-2018" adlı seminar keçirilib

Azərbaycanın Milli Turizm Təbliğat Bürosu Kiyevdə turizm şirkətləri üçün "Sizin Azərbaycan-2018" adlı seminar keçirib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, görüş zamanı Bakıdan olan nümayəndə heyəti Azərbaycan üzrə ən populyar turizm marşrutları, Azərbaycanın turizm bazarı, eləcə də əməkdaşlıq imkanları barədə məlumat verib.

Bakıdan olan nümayəndə heyətinin tərkibində Azərbaycanın Milli Turizm Təbliğat Bürosunun nümayəndələri - Cəmilə Talıbzadə və Aydın Piriyev, eləcə də özəl turizm şirkətlərinin nümayəndələri yer alıb.

"Ukrayna Beynəlxalq Hava Yolları"nın (UIA) nümayəndəsi Yevgeni Danilov "Report"a açıqlamasında bildirib ki, indi artıq UIA şirkətinin və turizm operatorlarının nümayəndələrinin Bakıya səfəri planlaşdırılır. Onun sözlərinə görə, bu məsələ hələ danışıqlar səviyyəsindədir.

"Bu, Azərbaycanın Milli Turizm Təbliğat Bürosunun Ukraynada təşkil etdiyi ilk seminardır. Biz indi Ukraynada Azərbaycanın turistik istiqamət kimi təbliğində yeni mərhələ açdıq. Yaxın zaman üçün planlara Azərbaycanın Ukraynadakı səfirliyinin bu istiqamətdə Büroya yardım etməsi üçün onlarla əməkdaşlıq daxildir. Həmçinin Ukraynadakı diasporu Azərbaycanın turistik istiqmət kimi təbliği məsələsinə cəlb etmək istəyirik, bu barədə artıq danışıqlar aparırıq və müsbət cavab almışıq", - Milli Büronun nümayəndəsi Aydın Piriyev bildirib.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri iştirak ediblər.