77 yaşında ata olan Hacı Əbdül: "Əbdül 1, Əbdül 2, Əbdül 3, gülməlidir ki..."


Digərləri 08 Dek 2017 17:38:00 254 0

77 yaşında ata olan Hacı Əbdül: "Əbdül 1, Əbdül 2, Əbdül 3, gülməlidir ki..."

Keçmiş millət vəkili, "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdüllə müsahibəni təqdim edirik

- Əbdül bəy, indi Xızıda yaşayırsınız?

- Yox, Bakıda.

- Burda eviniz var?

- Əlbəttə! Hətta dövlət mənə iki dənə beş otaqlı ev vermişdi. İkisini də qaçqınlara verdim.

- Maddi vəziyyətiniz necədir?

- Allaha şükür, mənim maddi vəziyyətim həmişə yaxşı olub.

- 77 yaşınız var, yaxınlarda övladınız dünaya gəldi. Belə sağlam qalmağın sirrini nədə görürsünüz?

- Mən şeytani işlərlə məşğul olmamışam. Yəni içki, siqaret, nəşə aşiqi olmamışam. Vaxtımın ən gözəl çağlarını idmanla məşğul olmuşam.

- Necə oldu uşaqların ikisinin də adını Əbdül qoydunuz? Bizdə babanın adını nəvəyə qoymaq ənənəsi var. Amma atanın öz adını övladına qoyması birinci dəfədir...

- Bəli, yoxdur. Belə bir şey mən də eşitməmişəm. Amma mən öz adımı oğluma qoydum. Birinci oğlum dünyaya gələndə 70 yaşım vardı. Məhz buna görə ona öz adımı - Hacıəbdül qoydum. Təzə doğulan oğlumun adını isə Əbdül deyil, Əbdülhüseyndir. Bu adı Azərbaycan dilinə çevirəndə Hüseynqulu olur. Yəni Hüseynin qulu deməkdir.

- Bəs mətbuata niyə demirsiniz ki, mən uşaqlarımın adını Hacıəbdül, Əbdülhesyn qoymuşam... Adamlar elə bilir ki, üçünüzün də adı Əbdüldür.

- Mən demişəm, amma nədənsə, yazan elə yazıb. Mən necə eləyə bilərəm ki, bir evdə Əbdül 1, Əbdül 2, Əbdül 3 olsun? Gülməlidir ki... (gülür)

- Neçə övladınız var?

- 12 uşağım var. Üçü oğlandır, doqquzu qız.

- Nəvələriniz çoxdur?

- Nəvələrimin sayını dəqiq bilmirəm. Gərək sayam. Təxminən, 25-26 nəvəm var.

- Nəticələriniz necə?

- O da var.

- Heç fikirləşirsiniz ki, birdən yeni doğulan uşağınızın toyunu görməzsiniz? Buna görə narahat olursunuzmu?

- Yox, narahat olmuram. Beş balaca uşağım var. Ən balacası iki-üç aylıqdır. Mənə elə gəlir ki, uşaqlarımın hamısının toyunu görəcəm. Bizdə bir kişi var. 150 il yaşadı. Necədir?

- Siz də 150 il yaşamaq istərdiniz?

- Niyə yaşamıram ki? Amma Allahın verdiyi ömür hamısından yaxşıdır. Sağlam, ağıl başda və heç kəsə ehtiyacı olmadan yaşamaq istəyirəm.

- O biri övladlarınız yeni dünyaya gələn uşağınıza görə sizə etirazlarını bildirmədilər ki? Yoxsa ailədə bütün ixtiyar sahibi sizsiniz?

- Hər ailənin öz qayda-qanunları var. Amma bizim ailədə söz mənim babamın olub. O, rəhmətə gedəndən sonra söz sahibi atam olub. Təsəvvür edin, nəvələrim vardı, amma atamın səsi gələndə yerimdə tir-tir əsirdim. Atam rəhmətə gedəndən sonra isə söz mənim sözüm olub.

- Maraqlıdır, yeni doğulan uşağın anasının neçə yaşı var?

- Yəqin otuzu keçər.

- Əbdül bəy, siz ictimai-siyasi fəaliyyətə Azərbaycan müstəqillik qazanandan sonra başlamısınız?

- Yox, hələ müstəqillik qazanmamışdıq. Mən ictimai-siyasi fəaliyyətə başlayanda Azərbaycan meydanda müstəqillik qazanmağa çalışırdı.

- Elçibəylə dost olmusunuz?

- Yaxın olmuşuq. Bir-birimizə hörmətimiz olub. Elçibəy yaxşı adam idi.

- Yaxşı adam idi. Bəs sizcə, yaxşı da siyasətçi idimi?

- Birincisi, siyasət deyiləndə sanki, pis bir şey nəzərdə tutulur. Amma bizim imamlarımızın da hamısı düz yol göstərən, yəni haqqı deyən olublar. Bu da bir siyasətdir və əslində, əsl siyasət elə budur. Siyasətçi sözündə də, əməlində də düz olmalıdır. Və haqqında kim nə deyir desin, Elçibəy də düz idi.