SOCAR istiqrazları ilə əməliyyatların həcmi 120 mln. dolları keçib


İqtisadiyyat 08 Dek 2017 16:29:34 315 0

SOCAR istiqrazları ilə əməliyyatların həcmi 120 mln. dolları keçib

Bu, Azərbaycanın fond bazarında ilk belə haldır

Azərbaycanın qiymətli kağızlar bazarında Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə əməliyyatların həcmi 120 mln. ABŞ dollarını keçib.

“Report” “SOCAR Capital” MMC-yə istinadən xəbər verir ki, qiymətli kağızlara göstərilən böyük maraq nəticəsində dekabrın ilk günlərində istiqrazlarla əməliyyatların həcmi növbəti dəfə rekord həddə çatıb.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliliyinə və etibarlılığına görə, SOCAR istirazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 mln. dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 mln. dollara çatıb. Bu, Azərbaycanın fond bazarında ilk belə haldır.

SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün geri alma zəmanətinin olmasıdır. Nəticədə istiqrazların qiyməti heç vaxt nominal qiymətdən - 1 000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR istiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin (illik 5%-dir) vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyə qədər SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 mln. dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.

SOCAR istiqrazlarına olan tələbat indi də yüksəkdir və bu təkrar bazarda istiqrazların qiymətinin də artmasına səbəb olub. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib. İstiqrazların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətindən verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1 020-1 026 dollar arasında dəyişir.

Xatırladaq ki, hazırda SOCAR istiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.