Dəniz nəqliyyatında məsuliyyətin artırılmasında ADDA-ya dəstək layihəsinin yekun iclası keçirilib


Digərləri 08 Dek 2017 12:44:43 226 0

Dəniz nəqliyyatında məsuliyyətin artırılmasında ADDA-ya dəstək layihəsinin yekun iclası keçirilib

“Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası keçirilib.

Bakı. “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası keçirilib. Bu barədə Trend-ə Administrasiyanın mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin əsas məqsədi – Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olub. Yekun iclasda Dövlət Dəniz Administrasiyasının rəisinin müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, üzv dövlətin layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident tvinninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri və digər rəsmilər iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov bildirdi ki, respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən xüsusi əhəmiyyətli zəruri tədbirlərdən biri və ən önəmlisi mövcud maddi texniki bazadan daha səmərəli istifadə edilməsi məqsədi ilə dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdir. Məhz Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında həyata keçirilən “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında” tvinninq layihəsindən uğurlu nəticələr əldə edilib. Bundan əlavə “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi də Respublikamızda dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Tədbirdə vurğulandı ki, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub.