"Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması" konfransı keçirilir (FOTO)


Digərləri 08 Dek 2017 11:00:00 211 0

"Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması" konfransı keçirilir (FOTO)

“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb

Bakı. Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər. S.Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib: “Çünki peşə standartlarının tətbiqi nəticəsində əmək bazarında işçilərin peşə və ixtisaslarına olan tələblərlə bağlı daimi institutlaşmış informasiya bazası, kadr hazırlığı sistemində bu tələbləri müəyyən etməyə imkan verən mənbə formalaşır”. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə edilmiş mühüm nailiyyətləri diqqətə çatdıran nazir bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı, bununla əlaqədar peşə təhsili sisteminin əhəmiyyətini daha da artırıb. Bu gün hökumətin sosial inkişaf siyasətində əsas hədəflər sırasında da işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin əmək bazarının yeni tələbləri əsasında keyfiyyətli peşə təhsili xidmətləri ilə təmin edilməsi mühüm yer tutur: “2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 2016-cı ilin əvvəlindən daha 61 adda peşə standartının layihəsi hazırlanıb. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır”. S.Müslümov qeyd edib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsi də yaradılıb. Hazırda nazirliyin rəsmi internet səhifəsində də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır: “Hazırlanmış standartlar müəssisələr tərəfindən də geniş istifadə olunur. Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib”. Nazir diqqətə çatdırıb ki, peşə standartlarının hazırlanması üzrə aparılan işlərin davamlılığını təmin etmək məqsədilə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində Peşə standartları sektoru yaradılıb: “ATF-in dəstəyi ilə nazirliyin əməkdaşları peşə standartlarının hüquqi statusunu müəyyən etmək məqsədilə bu sahədə böyük nailiyyətlər əldə etmiş Estoniya və Türkiyənin müvafiq təcrübəsini öyrəniblər. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi prosedurlarını tənzimləyəcək Qaydaların və metodiki tövsiyələrin layihəsi də hazırlanıb: “Həmin normativ-hüquqi aktların beynəlxalq standartlara və milli qanunvericilik sisteminə uyğunlaşdırılması və müvafiq hüquqi bazanın yaradılması üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə gələn ilin əvvəlindən yeni layihəyə başlanması nəzərdə tutulur. Bu işlər, həmçinin “Ömürboyu Təhsil Üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi, “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması əmək bazarı ilə təhsil sistemi arasında uyğunluğun təmin olunmasında əhəmiyyətli rol oynayacaq”.