Rusiyanın ən məşhur azərbaycanlısı: "Bir çox insana çevrilə bilirəm"


Kriminal 08 Dek 2017 02:30:00 563 0

Rusiyanın ən məşhur azərbaycanlısı: "Bir çox insana çevrilə bilirəm"

Rusiyada 2017-ci ilin ən uğurlu ekran əsərlərindən biri də "Trotski" serialı oldu. Serialda ən məşhur rus aktyorları ilə yanaşı, əslən azərbaycanlı olan Orxan Abulov da rol alıb. Stalin obrazını canlandıran Orxanın aktyor ifası rus tənqidçilər tərəfindən çox yüksək dəyərləndirildi. Hətta çoxları bu aktyoru "ekranın ən yaxşı Stalini" adlandırmağa başladılar. Həm filmin, həm də həmvətənimizin uğurundan təsirlənib, Orxanın axtarışına çıxdım. Sosial şəbəkələrdən, mediadan uzaq qaçan bu gənc "Stalin"i nəhayət ki, tapdım.

Son.az Rusiyanın məşhur gənc aktyoru Orxan Abulovun müsahibəsini təqdim edir.

- Abulov... Maraqlı soyadınız var.

- Düşünürəm ki, bundan da maraqlı soyadlar var. Məsələn "Zaikin", "Şlyuxin".

- Doğrudur, amma soyadınızı oxuyub, azərbaycanlı olduğunuzu anlamaqda çətinlik çəkdim. Yəqin ki, əslində Əbilovdur. Rusiyada yaşadığınız üçün bir az dəyişikliyə uğrayıb.

- Bəlkə də...Valideynlərim çoxdan Rusiyada yaşayıblar. Özüm də 1992-ci ildə Moskvada doğulmuşam. Əslən azərbaycanlıyıq.

- Aktyorluğa gəlişiniz necə olub?

- Uşaqlıqdan teatr səhnəsindəyəm. Ən böyük uğurum isə Rusiyanın xalq artisti Konstantin Raykinin kursunu bitirib, onun rəhbərlik etdiyi teatr truppasında çalışmağımdır.

- Orxan, deyirsiniz ki, əslən azərbaycanlısınız. Olmusunuzmu ölkəmizdə?

- Olmuşam. Amma bu hadisəni xatırlamağı sevmirəm. Düz iki il öncə Azərbaycana kino çəkməyə gəlmişdim və məni müvəffəqiyyətlə oradan qovdular. Ondan sonra bir daha getmədim.

- Səbəb?

- Bilmirəm. Rəsmi icazəmiz də var idi. Böyük çəkiliş komandamızla birgə Azərbaycana gəldik. Səbəbsiz yerə geri qaytarıldıq. Ruhdan düşməyib, Gürcüstana getdik. Bəlkə də bu daha yaxşı oldu. İnsan ayağı dəyməyən torpaqlarda terrorçuların, cinayətkarların gizləndiyi ərazilərdə filmi çəkib bitirdik. Məni məyus edən odur ki, hətta bu şəraitdə işləmək, tarixi torpağımda film çəkməkdən daha rahat oldu.

- Təəssüf edirəm.

- Mən də təəssüflənirəm.

- Nə isə...Keçək əsas uğurunuza. Orxan, Rusiyanın ən reytinqli layihəsində Stalin rolunu canlandırdınız. Xabenski, Bezrukov, Poreçenkov kimi çox məşhur aktyorlarla bir serialda iştirak etdiniz. Təbrik edirəm.

- Çox sağ olun.

- Təklif necə gəldi? Kastinqlərdənmi keçdiniz?

- Bilirsiniz, bir aktyor kimi zahiri görünüşümə görə çətinliklərim var. Çünki qaraşın qafqazlı oğlan Rus Dram Teatrının səhnəsində "Xlestakov" obrazını canlandıra bilməz. Amma bunun müsbət cəhəti də var ki, rus səhnəsində rəqibim azdır. Uzun müddət bu rol üçün aktyor axtardılar. Hətta məndən öncə məşhur gürcü aktyora təklif olunmuşdu Stalin obrazını oynamaq. Bildiyimə görə, əmək vizasında problem yarandığı üçün həmin aktyor Rusiyaya gələ bilmədi. Uzun axtarışdan sonra mənim üzərimdə dayandılar. Dəvət etdilər və sınaq çəkilişlərindən keçdim. Amma təəssüf ki, rejissor gürcü aksentində yaxşı danışmadığıma görə məni tənqid etdi. Mübahisə edib, çəkiliş meydançasından uzaqlaşdım. Təəssüf ki, aktyorlarla iş birliyini bacarmayan belə rejissorlar var. Truppamızla birgə Şanxaya qastrola getməli idik. Birdən mənə zəng gəlir ki, layihənin rejissoru dəyişdi, səni geri çağırırlar. Qayıtdım, məşhur rejissor Statski ilə şəxsən tanış olub, uğurlu əməkdaşlığa başladıq. Beləcə serial ərsəyə gəldi.

- Bu serialı karyeranız yolunda uğur hesab edirsiniz?

- Əlbəttə, edirəm. Axmaq deyiləm axı. Amma bunu böyük xoşbəxtlik də hesab etmirəm.

- Ancaq mən edirəm. Bilirsiniz niyə? İlk seriyanı izləyib, düşündüm ki, Stalin obrazını canlandıran aktyor ermənidir. Çünki Rusiyada bizim sənətçilərimizin sayı olduqca azdır. Emin Ağalarov, Timur Vanşteyn, Vado Korovin və bir neçə digər azərbaycanlıdan başqa, rus səhnəsində heç bir həmvətənimizə rast gəlmirik.

- Doğrudur, rus səhnəsində azərbaycanlılar olduqca azdır.

- Bu baxımdan Stalini tarixi lider, diktator kimi sevməsəm də, bu obraza xüsusi simpatiya bəslədim.

- Təşəkkür edirəm.


Xəbərə aid fotolar