Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...


Digərləri 07 Dek 2017 11:23:32 212 0

Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...

Görəsən, müsəlman ölkələri aralarındakı fikir ayrılıqlarını bir kənara qoyub bu dəfə ortaq mövqeyə gələ biləcəklərmi?

Bəxtiyar Hacıyev – ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüds şəhərini İsrail Dövlətinin paytaxtı kimi tanıdığını və Birləşmiş Ştatların Təl Əvivdəki səfirliyinin Qüdsə köçülməsi ilə bağlı hazırlıq görülməsi üçün təlimat verdiyini elan etdi. Bununla da dünya gündəmi bir anda dəyişdi. Yaxın Şərqdə dini ekstremizmin, terrorizmin, bir sıra ölkələrdə, o cümlədən Avropada islamofobiyanın artdığı və yayıldığı bir vaxtda ABŞ-ın bu qərarının növbəti dini toqquşmalara gətirib çıxaracağını istisna etmək olmaz. Məlum olduğu kimi, dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün şərq hissəsi Fələstinin hüquqi paytaxtı, qərb hissəsi isə İsrailin nəzarətindədir. İsrail Qüdsü 1980-ci ildə paytaxtı elan etsə də, bu status BMT və əskər dövlətlər tərəfindən hələ də tanınmayıb. Ümumiyyətlə, Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün çox önəmli və müqəddəs şəhərdir. Qüdsün üç böyük din arasındakı ortaq nöqtә olaraq bәşәriyyәt tarixindә xüsusi әhәmiyyәti var. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir: şəhərdəki əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsi olub. Bu gün Qüds əhalisinin 37 faizini ərəb, 63 faizini yəhudi və digər millətlər təşkil edir. Sakinlərin 61,4 faizi iudazim dininə, 35,6 faizi müsəlman, 1,8 faizi xristian, 1,2 faizi isə digər dinlərə etiqad bəsləyir. Belə bir şəraitdə Qüdsün ABŞ tərəfindən rəsmi şəkildə İsrailin paytaxtı kimi tanınması vəziyyətin onsuz da mürəkkəb olduğu regiondakı proseslərə, eyni zamanda, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlara mənfi təsir edəcək. Rəsmi Vaşinqtonun bu qərarına “odun üstünə benzin tökmək” də demək olar. ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımağa bir neçə dəfə səy göstərmişdi. Məsələn, Birləşmiş Ştatların sabiq prezidentlərindən biri - Ronald Reyqan 1980-ci illərdə belə bir cəhd etmişdi. Lakin həmin vaxt ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi təhlükəsizlik səbəbindən reallaşdırılmadı. Bundan başqa, 1995-ci ildə ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərar qəbul etmiş, lakin heç bir dövlət başçısı bu qərarı icra etməmişdi. Tramp isə sələflərindən fərqli olaraq, 2016-cı ildə seçkiqabağı kampaniyası zamanı Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barədə vədinə əməl etdi. Halbuki indiki çətin şəraitdə, Qüdsün İsrailin paytaxtı deyil, “tolerantlıq mərkəzi”, “müqəddəs dinlərin paytaxtı” elan olunması daha məqsədəuyğun olardı. Bu gün qanlı toqquşmaların getdiyi bir vaxtda Yaxın Şərqin daha çox barışığa, tolerantlığa ehtiyacı var, nəinki yeni münaqişələr yarada biləcək hər hansı qərara, fəaliyyətə. Bəs İslam dünyası necə reaksiya verəcək? Görəsən, müsəlman ölkələri aralarındakı fikir ayrılıqlarını bir kənara qoyub bu dəfə ortaq mövqeyə gələ biləcəklərmi? Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi aydındır. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır. Türkiyə isə məsələyə sərt reaksiya verdi. Prezident Rəcəb Tayyib Ərdoğan Qüdsün “bütün müsəlmanların qırmızı xətti” olduğunu deyərək Birləşmiş Ştatların Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanıyacağı təqdirdə, rəsmi Ankaranın hətta Təl-Əvivlə dipliomatik münasibətləri kəsə biləcəyini bəyan etdi. Baş nazir Binəli Yıldırım isə qeyd etdi ki, ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanıması beynəlxalq hüquqa ziddir. Ötən gün Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrini fövqəladə iclas keçirməyə çağırdı. İndi gözlər İstanbulda dekabrın 13-də keçiriləcək toplantıya dikilib: bütün müsəlmanlar bu fövqəladə yığıncaqdan mühüm qərar gözləyir. Axı İslam dünyasında Türkiyədən başqa, Səudiyyə Ərəbistanı və İran kimi güclü, söz sahibi olan dövlətlər də var... Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin