Parisin “Monod” qalereyasında Nigar Nərimanbəyovanın əsərləri sərgilənir - TOP-10


Digərləri 07 Dek 2017 07:03:56 187 0

Parisin “Monod” qalereyasında Nigar Nərimanbəyovanın əsərləri sərgilənir - TOP-10

Ziyarətçilər rəssamın yağlı boya ilə ağ kətan üzərində çəkdiyi 4 əsərini izləmək imkanı qazanıblar

Fransada rəsm əsərlərinin sərgisini təşkil edən "Stella" Beynəlxalq İncəsənət Cəmiyyətinin dəstəyi ilə Parisin məşhur “Monod” incəsənət qalereyasında azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri nümayiş etdirilir.

“Report”un Fransa bürosu məlumat verir ki, qalereyada rəssamın yağlı boya ilə ağ kətan üzərində ərsəyə gətirdiyi 4 əsəri sərgilənir.

Bu əsərlərdə qadın dünyasının ən incə duyğuları, xüsusilə də ana qayğısı müxtəlif rənglərdə öz əksini tapıb. Əsərlərə tamaşa edənlər bir anlıq da olsa saf və qayğıkeş ana məhəbbəti ilə dolu qadın dünyasına səyahət edirlər.

Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina “Report”un Fransa bürosuna bildirib ki, Nigar Nərimanbəyova ilə artıq 5 ildir birlikdə işləyir. Bu əsərlər sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır və tamaşaçıları dərindən düşünməyə sövq edir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib. N.Nərimanbəyova “Adajio” diptixinə görə “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.